Şəhid Salman Cəfərovun xatirəsi yad edildi!


1988-ci ilin əvvəllərində Ermənistan ərazi iddiaları ilə Azərbaycana  qarşı hərbi təcavüzə başlayanda Ölkəmizin qeyrətli oğul və qızları ayağa qalxdılar. O zaman Azərbaycan keçmiş SSRİ-nin tərkibində idi. Ordumuz yox idi. Keçmiş SSRİ Rəhbərliyi erməniləri müdafiə edirdi. Salyan rayonu Yenikənd kəndinin yetirməsi, 1965-ci il təvəllüdlü Salman Cəfərov Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində təhsil alırdı.Birinci kurs tələbəsi S.Cəfərov Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırıldı. O, məcburiyyət qarşısında xidmətini Qazaxıstanda başa vurdu. Geri qayıdan kimi BDU-nu bitirdi, doğma kəndlərində müəllim kimi fəaliyyətə başladı. Gənc mütəxəssis kimi şagirdlər arasında hörmət qazanan Salman müəllim Qarabağa getmək, düşmənlərə qarşı aparılan mübarizədə iştirak etmək istəyirdi.1992-ci ilin iyul ayında belə bir fürsət yarandı. O, Azərbaycan Müdafiə Nazirliyinin tabeçiliyindəki “N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başladı. Zabit Salman Cəfərovun döyüş yolu Füzuli bölgəsindən başladı. S.Cəfərov Tank əleyhinə idarə olunan raket diviziyası komandirinin müavini olaraq həm şəxsi heyəti qorumağa çalışır, həm də döyüş əməliyyatlarının uğurla nəticələnməsi üçün əllərindən gələni əsirgəmirdi. Füzuli rayonu ərazisində yerləşən Uryandağ yüksəkliyi uğrunda aparılan əməliyyat zamanı düşmən tərəfin xeyli sayda texnikası və canlı qüvvəsi məhv edildi. Bu qalibiyyət cəbhəyanı hərbi hissələrdə böyük coşqu ilə qarşılandı.Bu uğura görə Salman Cəfərova növbədənkənar baş leytenant rütbəsi verildi. “Leytenant” adı ilə tanınan Salman bəy 1993-cü ilin fevralında 7 gün mühasirədə qalan zabit və əsgərlərin mühasirədən çıxarılmalarına yardımçı oldu. S.Cəfərov həmçinin, Ağdərə bölgəsində xidmət edən 150 nəfər zabit, gizir və əsgərin mühasirədən çıxarılmasında həlledici rol oynamışdır. 

Salman Cəfərovun atası Tarverdi əmi, anası Şahnisə xala 3 oğul, 5 qız böyütmüşdülər. Uşaqlar zəhmətkeş, ailə canlı idilər. Ailənin digər övladı-Cəfər Cəfərov da 1992-ci ilin iyun ayında həqiqi hərbi xidmətə yola düşmüşdü. O, qanlı döyüşlərdən birində yaralanmış, müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıtmışdı. Təəssüflər olsun ki, qanlı-qadalı müharibədən salamat qayıdan Cəfər bəy 2005-ci il yanvarın 9-da yaşadığı Yenikənd kəndində avtoqəzanın qurbanı oldu(Salman subay, Cəfər ailəli idi. Cəfərin 2 övladı yadigar qalıb).  

Salman Cəfərovun döyüş yolu 1993-cü il iyun ayının 15-də sona çatdı. O, şəhadətə qovuşdu, el-obanın adətilə Yenikənd kənd qəbristanlığında dəfn edildi. 

Bu il martın 7-də 60 yaşı tamam oldu Salman müəllimin. Vaxtilə oxuduğu, sonra isə işlədiyi tədris ocağında, həmçinin, Yenikənd kəndindəki Şirvan restoranında şəhid baş leytenant Salman Cəfərovun 60 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbin direktoru Elnur Nəzirov, el ağsaqqalı Qurban Bağırov, müəllimlərdən İlham Qəhrəmanov, Bəyməmməd Səlimov, ehtiyatda olan General-mayor, müharibə veteranı Novruzəli Orucov, Şəkərli kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Səlimağa Səlimov, Salman Cəfərovun sinif yoldaşı, jurnalist Şamil Sabiroğlu və başqaları şəhid eloğlumuzun qısa, lakin mənalı ömür yolundan söhbət açdılar.Böyük qardaşı Pirverdi Cəfərov Salman müəllimin adını uca tutaraq anma mərasiminə qatılanların hər birinə ailəsi adından təşəkkür etdi.

Daha sonra tədbir iştirakçıları Yenikənd kənd qəbristanlığında uyuyan şəhid Salman Cəfərovun məzarını ziyarət etdilər. Daha sonra ata ocağında şəhid Salman Cəfərovun adına ehsan süfrəsi təşkil edildi.

Şamil Sabiroğlu, jurnalist.

16.06.2025.

Hiç yorum yok:

Yorum Gönder

Pages