17 iyun 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının inzibati binasında “Azərbaycan Bayrağı” ordenli, peşəkar zabit, kapitan şəhid Elsevər Sabir oğlu Hüseynovun anadan olmasının 60 illik yubileyinə həsr olunmuş “Hüququndan keçən əsgər” adlı anım tədbiri keçirilmişdir. Tədbir Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının və rayon Ziyalılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirdə Milli Məclisin deputatı Günay Ağamalı, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri Rəşad Kərimov, Məhərrəm Məmmədov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, ziyalılar, YAP fəalları, rayon ictimaiyyəti və gənclər iştirak etmişlər.
Tədbir iştirakçıları öncə Salyan şəhər Şəhidlər Xiyabanında şəhid Elsevər Hüseynovun məzarını ziyarət etmiş, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Sonra Salyan Dövlət Rəsm Qalereyasının vətənpərvərlik mövzusunda nümayiş etdirdiyi rəsm sərgisinə və rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılan şəhid Elsevər Hüseynova aid əşyalarından ibarət eksponatlara baxış keçirmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri rayon Ziyalılar Birliyinin sədri, “Əməkdar müəllim” Allahverdi Piriyev aparmışdır. O, giriş nitqində şəhid kapitan Elsevər Hüseynovun mənəvi irsindən, Vətənə sədaqətli xidmət yolundan və belə tədbirlərin milli yaddaş baxımından əhəmiyyətindən danışmışdır. Tədbirdə şəhid kapitan Elsevər Hüseynovun keçdiyi şərəfli həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilmiş, tərcümeyi-halı səsləndirilmişdir.
Tədbirdə çıxış edənlər, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Milli Məclisin deputatı Günay Ağamalı, Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, Salyan şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Günel Orucova, şəhid Elsevər Hüseynovun döyüşçü yoldaşı, ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı” ordenli Xətai Baxşıov, “Əməkdar Mədəniyyət işçisi”, şəhid atası Cahangir Qaraşov və başqaları Elsevər Hüseynovun yüksək vətənpərvərlik keyfiyyətlərindən, əsgərlik və zabitlik borcunu ləyaqətlə yerinə yetirməsindən, torpaq və bayraq uğrunda fədakarlığından bəhs etmişlər. Bildirilmişdir ki, şəhidimizin döyüş yolu bu gün Azərbaycan gəncləri üçün örnəkdir. Qeyd olunmuşdur ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu cür tədbirlər isə qəhrəmanlarımızın həyat yolunun gələcək nəsillərə tanıdılması və xatirələrinin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda Salyan Dövlət Kukla Teatrının aktyorlarının ifasında şəhidlərə və Vətənə həsr olunmuş bədii kompozisiya təqdim olunmuşdur. Yüksək emosional ruhda təqdim edilən bu səhnə çıxışı tədbir iştirakçılarına dərin təsir bağışlamış, qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramın bədii ifadəsinə çevrilmişdir.
Hiç yorum yok:
Yorum Gönder