Mübariz Eldar oğlunun dilindən
Bu gün — 12 iyul 2025-ci il. Düz beş il öncə, 2020-ci ilin isti iyul günlərində Azərbaycanın qəhrəman əsgərləri Tovuzda tarix yazdı. Lakin bu tarix qürurla yanaşı qəm, nisgil və şəhidlərin qanı ilə də yazıldı...
O günlərdə erməni silahlı qüvvələri növbəti dəfə təxribat törədərək, Tovuz istiqamətində hücuma keçdi. Məqsəd təkcə mövqelərimizi yoxlamaq deyildi — onlar Azərbaycan dövlətinin iradəsini sarsıtmaq istəyirdi. Lakin bilmədilər ki, burası Vətən torpağıdır! Bilmədilər ki, bu torpağın igidləri var — Polad Həşimov, İlqar Mirzəyev, Yashar Məmmədov, Elşad Məmmədov, Mehman Dəmirçiyev kimi oğullar var!
Tovuz döyüşləri bizim yaddaşımıza həm şəhidlərin müqəddəs qanı ilə, həm də xalqın birliyi ilə yazıldı. Həmin günlərdə Azərbaycan öz igidlərini tanıdı. Ana öz balasını, Vətən öz müdafiəçisini, millət öz qəhrəmanını gördü.
Mən Mübariz Eldar oğlu olaraq, bu gün qəm içində həmin günləri xatırlayıram. O gün təkcə bir bölgə deyil, bütün Azərbaycan döyüşə qalxdı. Çünki Tovuz — sadəcə sərhəd deyil, ruhun mübarizə meydanı idi. Orada düşmənə cavab verən hər güllədə bir xalqın izzəti vardı.
Tovuz döyüşləri 44 günlük Vətən Müharibəsinin sətirlərində yazılan ilk cümlələrdən biri oldu. O cümlə bu idi: "Biz dözməyəcəyik artıq!"
Bu gün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onların igidliyi bizi zəfərə apardı. Tovuzda başlayan od, Şuşada zəfərlə bitdi. Lakin o alovda yanan könüllərimiz, qürurumuz, əbədi şəhidlərimiz oldu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında ehtiramla,
Mübariz Eldar oğlu 12 iyul 2025 Neftçala
Hiç yorum yok:
Yorum Gönder