Müstəqil Həmkarlar Birliyinin İdarə Heyəti “Azəriqaz” İstehsalat Birliyinin bir qrup şikayətçilərin nümayəndələri ilə görüş keçirib


Müstəqil Həmkarlar Birliyinin İdarə Heyəti “Azəriqaz” İstehsalat Birliyinin bir qrup şikayətçilərin nümayəndələri ilə görüş keçirib.

Görüşdə son aylar ərzində müəssisədə tətbiq olunan struktur dəyişiklikləri, şəffaf olmayan attestasiya prosesi və əmək şəraitinin pisləşməsi ilə bağlı çoxsaylı şikayətlər dinlənilib.

Şikayətçilər qeyd ediblər ki, son dörd ay ərzində “Azəriqaz”da "güya" attestasiya adı altında aparılan proses saxtakarlıqla müşayiət olunub. Bunun nəticəsində işçilərin maaşları azaldılıb, iş rejimləri dəyişdirilib və onların əmək hüquqları pozulub. İşçilər acınacaqlı əmək şəraiti, o cümlədən, sanitariya və təhlükəsizlik tələblərinə uyğun olmayan şəraitdə çalışmaq məcburiyyətində qaldıqlarını bildiriblər.

Bütün bu proseslər fonunda yerli həmkarlar təşkilatı susqunluq nümayiş etdirib, işçilərin müraciətlərinə cavab verməyib və onların hüquqlarını müdafiə etməkdən imtina edib. 

Görüş iştirakçıları bildiriblər ki, illərlə üzvlük haqqı ödədikləri bu təşkilat çətin zamanlarda onların yanında olmayıb, bu isə kollektivdə ciddi narazılıq yaradıb. Nəticə etibarilə, bir çox “Azəriqaz” əməkdaşı mövcud həmkarlar təşkilatından çıxmaq, əvəzində onların hüquqlarını real olaraq müdafiə edən Müstəqil Həmkarlar Birliyinə üzv olmaq istədiklərini bəyan ediblər. Artıq bəzi işçilər bu istiqamətdə müvafiq ərizələr də təqdim ediblər.

Müstəqil Həmkarlar Birliyinin rəsmiləri qeyd ediblər ki, bu halların hər biri ciddi hüquqi pozuntu kimi qiymətləndirilməlidir. Xüsusilə:

Mülki Məcəllənin 37.1-ci maddəsinə əsasən, videoçəkilişsiz və müstəqil müşahidəçilərsiz keçirilən attestasiya etibarsızdır.

Əmək Məcəlləsinin 65-ci maddəsinin 4, 6 və 8-ci bəndləri pozulub – prosesdə nə yerli həmkarlar təşkilatı, nə də Dövlət Əmək Müfəttişliyi iştirak etməyib.

67-ci maddənin 4-cü bəndinə görə isə attestasiya nəticəsinə əsasən əmək müqaviləsinin dəyişdirilməsi və ya ləğvi qanunsuzdur.

Həmçinin qeyd olunub ki, işçiləri “başqa vəzifəyə keçirilmə” adı altında ərizə yazmağa məcbur etmək, onların yerinə yeni şəxsləri işə götürmək qanunsuz ixtisar anlamına gəlir. Son üç ayda Əmək Məcəlləsinin 54, 55, 56 və 66-cı maddələrinin də pozulduğu müşahidə olunur ki, bu da artıq sistemli problem xarakteri daşıyır.

Görüşün yekununda Müstəqil Həmkarlar Birliyinin rəhbərliyi bütün şikayətləri rəsmi qaydada qeydiyyata alıb. Qurum elan edib ki, işçilərin adından aidiyyəti dövlət qurumlarına müraciətlər ediləcək, həmçinin lazım gəldikdə hüquqi dəstək göstərilərək məhkəmə müstəvisində onların hüquqları qorunacaq.

Müstəqil Həmkarlar Birliyi, həmçinin, “Azəriqaz” əməkdaşlarının yeni üzvlük ərizələrini qəbul etməyə hazır olduğunu vurğulayıb.







Hiç yorum yok:

Yorum Gönder

Pages