Hüquqi mədəniyyət qanunları yalnız bilmək deyil, onu dərindən əxz edib, real həyatda tətbiq etməyi də tələb edir
“Yol hərəkəti qaydasını pozduğumuz zaman polis bizi görməyəndə sevinirik. Amma düşünmürük ki, qaydanı pozan digər insanlar da var və bu pozuntu bizim və yaxınlarımızın həyatına son qoya bilər. Yaxud vergini ödəməkdən yayınan sahibkar bununla dövlətə və cəmiyyətə necə zərər vurduğunu anlamır. Bunları sahibkara izah etmək lazımdır ki, vergidən yayınmaqla, o, övladlarının təhsilindən, sağlamlığından, ordumuzun təchizatından oğurluq etmiş olur”.
Mənim fikrincə, ölkəmizdə insanların hüquqi mədəniyyət səviyyəsini yüksəltməyə ehtiyac var. Bunun üçün isə təhsilin ən aşağı pilləsindən başlamalıyıq: “Bağçalarda, orta məktəblərdə uşaqlara izah edilməlidir ki, onlar sadəcə, hüquqlarını və vəzifələrini bilməklə kifayətlənməli deyil, həm də hüquqlarını həyata keçirməli və vəzifələrini yerinə yetirməlidirlər. Vəzifələrini yerinə yetirmədikdə başqalarına, öz yaxınlarına necə zərər vurduğu onlara izah edilməlidir”.
Hesab edirəm ki, sadəcə, cəzaları sərtləşdirməklə insanların hüquqi mədəniyyətinin səviyyəsini artırmaq olmaz: “Digər vacib məsələ qanunların hamıya eyni dərəcədə ciddiyyətlə tətbiq edilməsidir. Yalnız bu halda insanlar qanuna hörmətlə yanaşar və riayət edərlər”. Hüquqi mədəniyyət gənc nəsildə daha yüksəkdir: “Gənc nəsil isə öz hüquqlarını bilməkdə və tətbiq etməkdə daha maraqlıdır. Yaşlı insanlar bir sıra hallarda qanuna zidd olsa belə, daha çox milli dəyərləri rəhbər tutaraq davranmağa çalışırlar. Biz əsrlər boyu islam dinindən, eləcə də yerli adət-ənənələrdən irəli gələn qaydalarla yaşadığımız üçün bu normalar, qaydalar bizə bir az yaddır. Bu baxımdan qüvvədə olan hüquq normalarının gündəlik həyatımızda,davranışlarımızda əsas götürülməsi, yəni hüquq mədəniyyətinin formalaşması üçün zamana ehtiyacımız var. Bu sahədə nəticə əldə etmək üçün ictimai təşkilatların, KİV-in üzərinə böyük yük düşür. Hüquq mədəniyyətinin yüksəldilməsi üçün onlar davamlı və məqsədyönlü iş aparmalıdırlar”.
Azərbaycan vətəndaşları qorxduqları üçün qanunlara riayət edirlər: “SSRİ dövründən bizim göz qorxumuz var. Əslində dərk etdiyimiz üçün qayda-qanunlara riayət etməliyik. Bizi qorxu deyil, düşüncə idarə etməlidir. Bu da yəqin uzun müddət SSRİ-nin əsarəti altında olmağımızdan irəli gəlir. Halbuki indi hər kəsin söz haqqı, fikir azadlığı var, indi demokratik ölkədə yaşayırıq və qorxunu dəf etmək üçün maarifləndirmə işləri aparılmalıdır”.
İnsanlar qanunların nə üçün mövcud olduğunun fərqinə varmalıdırlar. Hər şeyin fərddən başlayır. Fərd sağlam düşüncəli olduğu halda, qayda-qanuna riayət etmiş olacaq: “Ona görə yox ki, qaydanı pozsa, cəzalandırılacaq. Ona görə ki, o, qaydanı pozub cəmiyyətə ziyan vurmaq istəməyəcək. İnsanlar anlamalıdırlar ki, qanun sərhəd deyil, sivil cəmiyyətdə yaşamaq üçün bir adaptasiya növüdür”.
İnsanların öz hüquqlarını bilməsi üçün hüquqi cəhətdən maarifləndirilməsi vacibdir: “Vətəndaşlarımız elementar səviyyədə hüquqi biliklərə malik olmalıdırlar ki, bu biliklər əsasında hüquqi mədəniyyətləri formalaşsın. Məncə, bu, insanların bəzi cinayətlərdən, qanunazidd əməllərdən uzaq durması üçün yaxşı profilaktikadır. Bizdə insanlar cinayəti bəzən, iqtisadi amillərlə bağlı törədirlərsə, çox vaxt etdikləri əməllərin hüquqa zidd olduğunu başa düşmədən, bunun hüquqi məsuliyyət yaratmadığını düşünərək edirlər. Zənnimcə, insanlar nəyi etmək, nəyi etməmək məsələsini dəqiq bilsələr hüquqa zidd əməllərin sayı xeyli azala bilər”. Bu işdə nəticə əldə etmək üçün yalnız hüquq-mühafizə orqanlarını qınamamalıyıq: “Həm də təhsil müəssisələrinin üzərinə çox ciddi vəzifələr düşür. Düzdür, orta məktəblərdə “Hüququn əsasları” fənni tədris edilir. Amma bu, daha səviyyəli formada, praktik keçilməlidir. Uşaqlıqdan vətəndaşlarımıza ölkədəki qayda-qanunlara əməl etmənin, öz hüquqlarını bilmələrinin üstünlükləri öyrədilməlidir. Adamların bəziləri deyir ki, demokratiyadır, istədiyimi edirəm. Amma demokratiya tam sərbəstlik demək deyil. Demokratiya həm də hüquqi məsuliyyət deməkdir. Bu nöqteyi-nəzərdən orta və ali məktəblərdə hüquq dərsi yaxşı formada tədris olunmalıdır. Çünki hüququnu bilmək bütün ixtisas sahiblərinə - həm fəhləyə, həm mühəndisə, həm həkimə, həm müəllimə lazımdır”.
“Öncə insanın daxili mədəniyyəti olmalıdır”
Hüquqi mədəniyyət səviyyəsini yüksəltmək üçün insanlarda maraq olmalıdır: “İnsanlar bilməlidirlər ki, qonşusu, qohumu, tanışı hüququnu müdafiə etməyə cəhd edib və buna nail olub. Yəni nəticə əldə edib. Bu zaman insanlarda hüquqlarını müdafiə etməyə və hüquqlara riayət etməyə maraq yaranacaq”.
Bəzi vətəndaşlarımızın demokratiyanı səhv başa düşünür, çoxları ağlına gələni danışmaq hüququnun olduğunu düşünür: “İnsanlar bəzən hüquqları barədə demoqogik məlumata malik olurlar. Siyasi məsələlərlə bağlı belə şeylərə çox rast gəlinir. Düşünürlər ki, istədikləri yerdə piket keçirmək, qışqırmaq onların hüququdur. Əslində isə bu, hüquqi mədəniyyətin aşağı olmasından irəli gəlir. İnsanlar başa düşməlidir ki, hüquq nədir və hansı hallarda bundan yararlanmağa ehtiyac var”.
“Hələ bizim eradan əvvəl Konfutsi deyib ki, ölkədə təkcə hüquqi maarifləndirmə ilə heç bir böyük uğura nail olmaq mümkün deyil. Hüquqi maariflənmədən öncə insanların ümumi mədəniyyəti yüksək olmalıdır. İnsanın mədəniyyəti yüksək olmayanda, onlar heç hüquqi normalar barədə təsəvvürə malik ola bilmir. Həqiqətən də belədir. Gözəl bir qanun yaransa da, insanın daxili mədəniyyəti aşağıdırsa, o qanundan necə istifadə etməyi, yararlanmağı bilməyəcək”.
Hüquqi mədəniyyət hüquqi dövlətdə hüquqi qaydaların möhkəmləndirilməsinə, vətəndaşlarda qayda-qanunlara əməl etmək vərdişi aşılamağa xidmət edir, insanları da qanunların aliliyinə riayət etmək ruhunda tərbiyələndirir: “İnsanların hüquqa, mövcud hüquq normalarına münasibətinin toplusu hüquq mədəniyyəti adlanır. Hüquq normalarının tələblərinə əməl etməyin vacibliyini insanlar şüurlu şəkildə dərk etməlidirlər. Deməli, hüquq mədəniyyətinin səviyyəsi həm vətəndaşların hüququ bilmək, başa düşmək dərəcəsindən, bunu yerinə yetirməyin vacibliyini dərk etmələrindən asılıdır. Hüquqi mədəniyyət qanunları yalnız bilmək deyil, onu dərindən əxz edib, hörmətlə yanaşmağı və real həyatda tətbiq etməyi də tələb edir. Hüquqi dövlətin əsas amili olan qanunun aliliyinin reallaşdırılmasında, qanunçuluğun möhkəmləndirilməsində hüquqi mədəniyyətin yüksəldilməsi əsas yer tutur. Hüquqi mədəniyyətin yaradılması vətəndaş cəmiyyətindəki mənfi proseslərin qarşısının alınmasında mühüm vasitə kimi çıxış edir. Hüquqi dövlətdə hüquqi mədəniyyət inkişaf etdikcə, ölkədə cinayət cəza tədbiri əvəzinə, ictimai təsir tədbirləri görülməsi üçün demokratik şərait yaranır”.
Hər bir xalqın hüquqa münasibətindən irəli gələn bir davranış sistemi var: “Buna hüquq elmində “hüquq düşüncəsi” deyilir. Bu hüquq düşüncəsi illərlə formalaşan bir modeldir. İnsanlarımızın hüquq mədəniyyəti sarıdan illərlə formalaşmış, sovet vaxtından qalmış stereotipləri yaranıb. Çox maraqlıdır ki, bu kimi hallar cəmiyyətdə artıq sindrom səviyyəsindədir”.Sözügedən məsələ ilə bağlı ayrı-ayrı sahələrdə maraqlı mənzərəylə qarşılaşmaq mümkündür:
Qeyd etmək istəyirəm ki, böyük yunan mütəfəkkiri Siseronun sözlərinə görə insan azad olmaq üçün qanuna tabe olmalıdır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder