23 sentyabr Ağamalı Ağayevin doğum günüdür




Ürəyi Vətən sevgisi ilə döyünən, ömrünün 24 ilində canını ona qurban verməyi bacaran Ağamalı Şamil oğlu Ağayev Masallı rayonunun Çaxırlı kəndində böyüyüb boya-başa çatmışdı. Bu vətənpərvər, xalqını sevən insana Azərbaycanın hər qarışı əziz olduğuna görə azğın erməni faşistlərin Qarabağa təcavüzü ona çox ağır gəlirdi.
Müstəqil həyata qədəm qoyan gündən amalı yağını məhv edib Vətən torpaqlarını azad görmək olur. Elə 2014-cü ildə ordu sıralarına düşməndən intiqam almaq istəyi ilə gedir. Ağamalı cəbhə bölgəsində xidmət edir, Vətənin keşiyində ləyaqətlə durur, müqəddəs Qarabağ torpaqların azadlığı naminə hər an canından keçməyə hazır olur.
Əsgərliyi üzüağ başa vuran Ağamalı bir müddət halal zəhmətdən yapışır. Gözəl həyat naminə yaxşı işlər görür, xeyirxahlığı çoxlarının əlindən tutur. Günləri bir-birindən mənalı keçsə də, erməni faşistlərin etdiyi vəhşiliklər onu rahat buraxmır. Nəhayət qisas günü gəlir. Ağamalı 27 sentyabrda başlanan Vətən müharibəsinə yağının ilan başını əzmək üçün könülü yollanır. Şanlı Azərbaycan Ordusunun rəşadəti hesabına düşmən Qarabağ torpaqlardan qovulduqca Ağamalı ağır müharibə meydanlarında daha ürəklə, cəsarətlə vuruşur. Cəbrayılın, Füzulinin alınmasında böyük qəhrəmanlıq göstərir, düşmənin xeyli canlı qüvvəsini məhv edir.
İgid əsgər Ağamalı Qubadlı döyüşlərində də öndə gedir. Sözün əsl mənasında, erməninin başına od ələyir. Həm də yaralı döyüş yoldaşlarını müharibə meydanından çıxartmaqla onları ölümün pəncəsindən xilas edir. Yaralı əsgəri çiynində daşıyarkən düşmən tərəfindən atılan snayper gülləsinə tuş gəlir. Oktyabrın 19-da amansız ölüm Ağamalını haqlamaqla, onun Vətən sevgisi ilə döyünən ürəyini həmişəlik dayandırır.
Bütün Masallı camaatının fəxr etdiyi Ağamalının adı indi Vətənlə bir çəkilir. Dövlət isə igid əsgərinin Vətən sevgisini “Vətən uğrunda” medalı ilə dəyərləndirib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hiç yorum yok:

Yorum Gönder

Pages