8 mart-Beynəlxalq Qadınlar Günüdür.




Prezident İlham Əliyev: "Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir"

Zəriflik və gözəllik örnəyinə çevrilən Azərbaycan qadını mürəkkəb ictimai-siyasi dönəmlərdə cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilib. Çətin proseslərdə Azərbaycan qadının vətənpərvərlik, alicənablıq, ucalıq kimi dəyərləri onun mənəvi dəyərlər toplusundan yüksəklikdə yer aldı. Mənəvi-əxlaqi dəyərləri ilə yer üzünün ən ali, ülvi hisslərini özündə cəmləşdirən qadınları sırasında adları hallanan, nəcib əməlləri ilə xalqımızın tərəqqisinə çalışan, elm, mədəniyyət, incəsənət sahəsində, eləcə də ictimai-siyasi həyatda fəal mövqeləri ilə seçilən, fəal mövqe tutan adlı-sanlı xanım-xatın qadınlarımız gözəllik və ülviyyət simvoluna çevriliblər. Torpağa, elə-obaya bağlılıq ən çətin anlarda Azərbaycan qadınının əməllərində özünü büruzə vermişdir. Hər zaman Tomris, Nüşabə, Sara Xatun, Həcər kimi tariximizdə izi olan Azərbaycan qadınlarının igidliyindən söz açmışıq. Amma ötən illərimizin tarixinə nəzər saldıqda yüzlərlə, minlərlə Azərbaycan qadının yorulmaz əməyi, döyüş meydanında göstərdiyi qəhrəmanlığı diqqəti çəkir. Tariximizin ayrı-ayrı dövrlərində yaşayıb fəaliyyət göstərmiş qadınlar müdrikliyi və işgüzarlığı ilə keçmişimizə parlaq səhifələr yazıblar. Azərbaycan Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikində bildirdiyi kimi, "Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır".
Bu gün bütün dünya qadınları kimi, Azərbaycan qadınları da 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edir. Tarixə nəzər salsaq, görərik ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-York qadınlarının 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın Dünya Qadınlar Günü kimi qeyd edilməsinə nail olub.

QADIN-KİŞİ BƏRABƏRLİYİNİ TƏMİN EDƏN İLK MÜSƏLMAN ÖLKƏSİ

Ölkənin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə böyük nüfuza malik olduğunu əməllərilə təsdiqləyib. Müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı, məhz Azərbaycan qadını atmışdır. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, qadınların seçib-seçilmək hüququnu tanıyan, qadın-kişi bərabərliyini təmin edən ilk müsəlman ölkəsi olub. Cənab Prezidentin təbrikində qeyd olunur ki, Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər: "Onlar ölkəmizin, xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulması üçün böyük əzmlə çalışmış, ötən müddət ərzində mühüm nailiyyətlər əldə etmişlər. Ədəbi-ictimai və mədəni-elmi fikir tariximizdə iz buraxmış maarifpərvər sələflərinin adlarını uca tutan və nəsillərin varisliyi prinsipinə sadiq qalaraq onların açdıqları yolda inamla irəliləyən Azərbaycan xanımları bu gün də dolğun sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar".

Müasir dünyamızda milli qadın siyasəti dövlət statusu alıb. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl, məhz Azərbaycanda qadına cəmiyyətin həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər: "XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq, ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı, məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır".

ÖLKƏNİN İCTİMAİ HƏYATINDA SƏMƏRƏLİ FƏALİYYƏTLƏRİNƏ GÖRƏ BİR SIRA QADINLARIMIZ TƏLTİF EDİLDİ

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti nəticəsində Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də, digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri göz önündədir. Ölkəmizdəki demokratik mühit fitri istedadlarını və yaradıcılıq imkanlarını tam gerçəkləşdirməyə imkan verir. Təbii ki, mövcud mühitin formalaşmasında Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Azərbaycan qadını milli məfkurəyə sadiq qalaraq, bu gün də müstəqil Azərbaycanın güclənməsi naminə töhfələr verir. 2000-ci ilin mart ayının 6-da Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət-qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdəndir. Təqdirəlayiq haldır ki, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətlərinə paylanılıb və bu sahədə ən yaxşı sənəd kimi qəbul olunub. Ölkəmizdə qadın problemləri daim dövlətin diqqətindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətini davamlı olaraq reallaşdırır. Hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün "Gender bərabərliyinin təminatları haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur.
Hər il oduğu kimi, bu gün də dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir sıra qadınlarımız () 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tərəqi medalı ilə təltif ediliblər.

ZİYALILIĞIN ALİ ZİRVƏSİ – AZƏRBAYCAN QADINI

Bu gün Azərbaycan qadını öz əməli fəaliyyəti, dəyərləri ilə yüksəkdə dayanır və bu dəyərləri müqabilində alnıaçıq və fəxrlə 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edir. Bu gün müstəqil Azərbaycanın qadınları parlamentdə, icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, idmanda, hüquq-mühafizə orqanlarında,hərbi xidmətdə və digər sahələrdə kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirakına maraq artıb. Ölkə həyatının bütün sahələrində qadınların fəallığı müşahidə olunur. Qadın siyasəti nəticəsində Azərbaycan qadını qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa nail olur. Azərbaycan qadınının əzəməti bu gün dünya ictimaiyyətinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın simasında açıq-aydın təqdim olunur. Müasir dövrümüzdə ziyalılığın ali zirvəsində olan ölkənin Birinci Xanımı Mehriban xanım Əliyevanın Azərbaycan üçün gördüyü işlər ölkəmizin ictimai-siyasi və mədəni həyatında danılmaz amillərdir. Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirləri həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib.

VƏTƏN ÜÇÜN OĞUL BÖYÜDƏN QÜRURLU, MƏĞRUR ANALARIMIZ

Azərbaycan  Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı zamanı rəşadətli ordumuz bir-birinin ardınca düşmənə ağır zərbələr vuraraq təcavüzkar ölkənin siyasi-hərbi rəhbərliyini çıxılmaz vəziyyətə saldı. 44 gün davam edən müharibədə vətən torpağının erməni işğalçılarının təcavüzkar siyasəti nəticəsində işğal altında olan torpaqlarımız işğalçılardan azad olundu. Bu şanlı qələbəmizdə Azərbaycanın qəhrəman oğullarının rolu danılmazdır. Bu oğulları vətən üçün böyüdən bizim analardır. Vətən darda olanda öz oğullarını məğrurcasına müharibəyə göndərdilər. Buna dözdülər. Şəhid oğullarını qürurla, təmkinlə qarşıladılar. Analar böyükdür. Biz onların qarşısında baş əyirik. Azərbaycan qadınları ölkəmizin inkişafı, qlobal dünyada mədəni-mənəvi zənginliklərimizin yaşadılması, gənc nəslin milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da fəallıq nümayiş etdirəcək. 


 Bayramınız mübarək olsun, ƏZİZ AZƏRBAYCAN QADINLARI.



Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və Müharibə  Veteranı  polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages