Gecə dilsiz, yer-göy dilsiz, ay-ulduzlar yenə dilsiz,
Saya gəlməz insan udur lal gecənin havasını.
Budur döyüş meydanında qalmış hələ al qandan iz,
Bütün ətraf xatırladır ölüm-dirim davasını.
Qərib dağlar fikrə dalıb əridir öz ürəyini,
Top səsindən bu dağlarda qalmamışdır ürək-dirək.
Ucaltmış al bayraq kimi igidlər öz diləyini,
Döyüşləri təsvir üçün poladdan bir qələm gərək.
Bu dağların ətəyində tutmuş qərar Qızıl Ordu.
Sanmayın ki, uzun sürən bu döyüşlər onu yordu.
O dincəlir, səhər yenə göstərəcək qüdrətini,
Qazanacaq milyon-milyon məzlumların hörmətini.
Növbətçilər qartal kimi göz gəzdirir dörd bir yana,
Düşmənlərin ağzı nədir girsin bir də bu meydana.
Fikrə dalmış gənc komandir bir xəritə üzərində
Fikrə dalmış, yeni həyat, zəfər gülür nəzərində.
Bir tərəfdə şişpapaqlı cavan əsgər uzanmışdır,
Sanmayın ki, bu ədalət döyüşündən usanmışdır.
Cananı tək öz bağrına basıb əziz yarağını,
Kölgəsində and içərək öpmüş Vətən bayrağını.
Əsla qorxu bilməmişdir güllələrin altında o,
Saxlamışdır əcdadının öyüdünü yadında o.
Dərdi budur, kənddə qalıb sevgilisi, gözaltısı,
Bəzən ona gəl-gəl deyir ağacların qaraltısı.
Andıqca o şux gözəli, düşündükcə o dilbəri,
Məna dolu gözlərilə açır burda hər səhəri.
Xeyli olar məktub gəlmir o gözəldən, səbəb nədir?
Məgər özü bilməyirmi, ürək nədir, əsəb nədir?
Bu döyüşlər bir körpüdür o dilbərin vüsalına,
Görəsən o mən yazığı gətirirmi xəyalına?
Ah, görəsən indi onu mənsiz evə kim ötürür,
Yuxu nədir? Kirpiklərim sübhə kimi od götürür.
Şübhə nədir? Yox, yox mənə söz verib o,
Ürəyimin aynasını məndən daha tez görüb o.
Birdən incə, xoş bir gülüş rəqs eləyir üz-gözündə,
Görür nazlı nigarını ürəyinin güzgüsündə.
O, öz cəbhə yoldaşına bu sözləri demiş dünən:
Bu amansız vuruşlarda işdir, əgər, ölərsəm mən
Sevgilimə yetirəsən, tərk elədim bu həyatı.
Ürəyimdə əziz Vətən, dodağımda onun adı!
HƏRƏKƏT
Çalındı birdən boru...Komandir gur səsiylə
Boşluğa məna verən gözəl, məğrur səsiylə
Hazır duran orduya verdi hərəkət əmri,
Artıqdı bir ordudan əsgərlərin hər biri.
Komandir oxşadıqca boz atının yalını,
Gələcək döyüşlərə çəkdi öz xəyalını.
Ayağı üzəngidə atın belinə yatdı,
Bu adi at deyildi, yerişdə yelqanaddı.
İgidlərin qılıncı siyrildi öz qınından,
Onların nərəsindən yer-göy titrədi bir an.
Yüksəlib dalğa-dalğa hər yeri gəzdi səslər,
Dağlar dağları burdan aldığı səslə səslər.
Yayılırdı dörd yana atların kişnəməsi,
Hücumdan pozulurdu yadların sıx cərgəsi.
Bir igidin bir əli vururdu min əl kimi,
Düşürdü atdan yerə düşmənlər xəzəl kimi.
Otların, çiçəklərin üstündə qan izləri,
Bizim cavan əsgərin od saçırdı gözləri.
Ayrılmırdı kölgə tək komandirin yanından,
Xəbərsizdi qanından, keçmişdi öz canından.
Bir az sonra daş kimi atından yerə düşdü,
Cumub şəfqət bacısı köməyinə yetişdi...
Vuruş dayanmamışdı, hücum davam edirdi,
İnqilabın ordusu sel tək axıb gedirdi.
Saatlar belə keçdi, axşam oldu nəhayət...
Kitablara yazıldı yeni bir qalibiyyət.
Döyüşçülər yorulmuş, batmış tamam qan-tərə,
Uzun yolların tozu qarışmış axan tərə.
Yorğun körüklər kimi alır ciyərlər nəfəs,
Silib təmizləyirdi öz silahını hər kəs.
Komandir əmr etdi ki, dincəliniz bir qədər.
Daha qəti bir hücum başlanacaqdır səhər.
Buludlar arasından ay boylanıb bu ara,
Sanki "əhsən" deyirdi bizim qəhrəmanlara.
DÖNÜŞ
Göydə ay, ulduzlar görünən zaman,
Bizim qızıl əsgər endi qatardan.
Xaki köynəyinin bir qolu boşdu,
Gözləri yaşardı, ürəyi coşdu.
Udub havasını bu doğma yerin,
Cumdu dəryasına düşüncələrin.
Burdan kəndlərinə bir xeyli yol var,
Nə eybi, bir tanış evində qalar.
Bir tanış qapını döydü, açdılar,
Onu tanıdılar, bərk-bərk qucdular.
Boşaldı ürəklər, doldu ürəklər,
Düzüldü süfrəyə gözəl xörəklər.
Tanışlar əsgərə vermədi macal,
Yağdı yağış kimi üstünə sual.
Bir qollu qayıtmış bizim qəhrəman,
Keçirib qəlbində böyük həyəcan.
Çapdı uzaqlara xəyal atını,
Danışdı cəbhədən xatiratını.
Könlündə dostların oyatdı maraq.
Ona heyran olub, asdılar qulaq.
Uçdu dəqiqələr, ötdü saatlar,
Sonra da yatmağa yığışdı dostlar.
Qəhrəman dilində bir qızın adı,
Yumdu gözlərini, amma yatmadı.
O qalxdı yerindən günəşdən qabaq,
Dostlardan ayrıldı qucaqlaşaraq.
Fikirlər içində yönəldi yola,
Dost-aşna söylədi: "Uğurlar ola!"
Cumurdu irəli bizim qəhrəman,
Günəş yox, qəlbiydi göylərdə yanan.
Nədənsə gözündə uzanırdı yol,
Deyirdi özünə: "Bir az möhkəm ol!"
Saldıqca xatirə ötən günləri,
Görmək istəyirdi o şux dilbəri.
Bu yol, bu ağaclar tanışdı ona,
Onlar keçənlərdən söz açdı ona.
Gəldi xatirinə sevgilisiylə
Bu yoldan keçdiyi-qoşa, əl-ələ.
Unutmaq çətindir bu xatiratı,
Ürəyi elə bil cilovsuz atdı.
Yox, yox, o, getmirdi, uçurdu kəndə,
(Quş kimi yanınca uçuram mən də)
Yetişdi nəhayət kəndinə, budur,
Yeridi təmkinlə, alnında qürur.
Bu da öz evləri, girdi həyətə,
Başilə salam da verdi həyətə.
Hürdü ala köpək tanıyıb onu,
Buladı bir qədər boz quyruğunu.
Tozlu çəkməsini yaladı heyvan.
Yenə "Hav-hav" deyə, hürdü yavaşdan.
Qəhrəman səslədi: — Ana, can ana!
Ana evdən çıxıb sarmaşdı ona.
Axdı gözlərindən sevinc yaşları,
Töküldü çiyninə dümağ saçları.
- Anacan ağlama, anacan bəsdir,
Mən sağ-salamatam matəm əbəsdir.
Verdim bir qolumu Vətənə qurban,
Canım da qurbandır bu yolda, inan.
- Haqlısan, can balam, günəşim, ayım,
Mənimsə davadan zəfərdir payım.
O qara günlərə çəkildi pərdə,
Düşməz mərd analar bir daha dərdə!
Yığılıb qonşular qurban kəsdilər,
Süfrəyə cürbəcür yemək düzdülər.
Çalıb oynadılar, qızışdı ara,
O, pərtdi...Bəs hanı, hanı Dilara?
Vaxt ötdü, dağıldı qonum-qonşular,
Daha qalmamışdı onda iqtidar.
Sübhü gözləriylə açdı bu gecə.
Könlü istəyən tək oldu nəticə.
Boğub ürəyində ilk yarasını,
Tapdı ən nəhayət Dilarasını.
Gördü ki, dayanıb göl qırağında,
Eşqi dilə gəldi könül bağında.
Lapdan gözlərini tutdu arxadan...
Dilara diksinib çığırdı: - Aman!
Kimsən? Çək əlini, çək gözlərimdən,
Yoxsa, qardaşımı səslərəm həmən.
- Səslə! Qorxan kimdir o qardaşından!
Mənəm, mən!
- Qəhrəman?
- Bəli, Qəhrəman.
Gözlər bir-birinə dikildi yaşlı...
Öncə dilə gəldi o qara saçlı:
- Düz üç il sirdaşım qəm, kədər oldu,
Həmdəmim yuxusuz gecələr oldu.
İnsafsız, yollara dikib gözümü,
Əsən küləklərə dedim sözümü.
Gərək eşidəydin ahu zarımı,
Zərfi açılmamış məktublarımı.
Hər geri alanda ölürdüm min yol.
- Hər şeyi bilərsən, bir səbirli ol.
Budur, bir qolumu itirib gəldim,
Kəndə xoş müjdələr gətirib gəldim.
Nəyinə gərəyəm bir qolumla mən?
Deyirəm qoy gedim öz yolumla mən.
Bəlkə başqasını...
- Nə dedin, aman!
Çökdü gözlərimə yenidən duman.
Sən nə danışırsan? Buna bax, buna!
Canım qurban olsun o bir qoluna.
Süzüb qəhrəmanı bir də, bir an o,
Öpdü köynəyinin bir qolundan o.
Alışdı könüllər, birləşdi əllər,
Şeyda bülbül kimi ötüşdü dillər.
Onlar öpüşdülər bu xoş baharda,
Düşüb əksləri güldü sularda...
Mənbə: Vətən ədəbi məclisi
Hiç yorum yok:
Yorum Gönder