1992-ci ilin sonu, 1993-cü ilin əvvəllərində Azərbaycan çox çətin sınaq qarşısındaydı: Ermənistanı müdafiə edən dövlətlər Xocalı, Şuşa və Laçının işğalına şərait yaratmışdılar. Köçkünlər müvəqqəti məskunlaşdıqları ərazilərdə çox çətinlik çəkirdilər. Arxada isə Kəlbəcər və digər yurd yerlərimizi və həmin yaşayış məntəqələrinin sakinlərini həmin təhlükə gözləyirdi. Sübut etməyə ehtiyac yoxdur: az sonra bir dövlət olaraq Azərbaycan adı siyasi xəritədə olmayacaqdı.
1993-cü il iyunun 15-də ikinci dəfə Ölkə rəhbərliyinə qayıdan H.Əliyev, Ordu quruculuğuna ciddi nəzər yetirdi. O zaman dövlət büdcəsi boş idi. Üstəlik, qonşu dövlətlərin kəşfiyyat orqanları Azərbaycanın cənubunda "Talış-Muğan Respublikası", Şimalda isə "Sadval" Cəmiyyətini təxribatlara cəlb etmişdilər. O dövrün insanları yaxşı xatırlayır sabiq Baş nazir Surət Hüseynov və onun əlaltılarının dövlət çevrilişinə cəhdini. Nə olur-olsun, Azərbaycanın qazanılmış dövlət müstəqilliyi qorunmalıydı.
Heydər Əliyev xarici ölkələrə səfərlər zamanı həm Azərbaycanı tanıdır, həm də həmin dövlətlərin nümayəndələrini əməkdaşlığa dəvət edirdi.1994-cü ilin mayında döyüşən tərəflər arasında atəşkəs elan edildi. Həmin ilin sentyabr ayında Bakıda "Əsrin müqaviləsi" imzalandı, beləliklə də, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi üçün zəmin yarandı. Bu addım iqtisadiyyatın qurulması, Ordu quruculuğu üçün çox vacib idi.
Təəssüflər olsun ki, düşmən tapdağında inləyən torpaqların azad edildiyi günü görmək dahi siyasətçi Heydər Əliyevə nəsib olmadı. Amma onun siyasi davamçısı, Prezident İlham Əliyev və bütövlükdə xalqımız tarixi zəfərin qazanılması üçün var qüvvələrilə çalışdı və Zəfər bayramına şahidlik etdilər.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən, tarixə II Vətən savaşı kimi düşmüş müharibə bizə həm dostu, həm də düşməni tanıtdı. 2023-cü il sentyabrın 19 və 20-də aparılan lokal antiterror əməliyyatları zamanı düşmən tapdağında olan Xankəndi, Xocalı şəhərlərinin, həmçinin, Ağdərə və Xocavənd rayonları azad olundu. İndi Azərbaycan xalqının başı ucadır, alnı açıqdır. Sözsüz ki, qazanılmış tarixi qələbə ilk növbədə dahi siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır.
Mayın 10-u Heydər Əliyevin doğum günüdür. Nə qədər ki, müstəqil Azərbaycan Respublikası mövcuddur, Heydər Əliyevin ideyaları və özü yaşayacaq.
Ruhu şad, məkanı Cənnət olsun. Amin.
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin həmtəsisçisi, jurnalist.
Bakı şəhəri, 9 may 2025-ci il.
Hiç yorum yok:
Yorum Gönder