"KİNO FƏDAİLƏRİ" RUBRİKASINDA – CEYHUN MİRZƏYEV




15 tammetrajlı filmdə, bir çox “Mozalan” kino süjetində maraqlı, xarakterik obrazlar yaratmış, kinoda debüt rolunu “Görüş” (1955) komediyasında ifa etmiş, sonralar ardıcıl olaraq müxtəlif janrlı ekran əsərlərində yaddaqalan obrazlara imza atmış, “Ögey ana” filmindəki İsmayıl rolu isə yaradıcılıq taleyini müəyyənləşdirmiş,
46 illik ömrünün 35 ilə yaxını kinoya həsr etmiş aktyor, rejissor Ceyhun Mirzəyevin dünyaya göz açdığı gündür, yaşasaydı 79 yaşını qeyd edəcəkdi. 

Onu kino üçün görkəmli rejissor Tofiq Tağızadə kəşf edib. Rejissor 1955-ci ildə “Görüş filmində Şıxəlinin oğlu rolunu, 1959-cu ildə yazıçı İmran Qasımovun ssenarisi əsasında çəkdiyi “Əsl dost” filmində Fərman rolunun uşaqlıq dövrünü,  1960-cı ildə isə “Matteo Falkone” kinodramında Fortunato rolunu C.Mirzəyevə tapşırıb. 
XIX əsr fransız yazıçısı Prosper Merimenin eyniadlı novellası əsasında ekranlaşdırılan filmdə vətənpərvərlik hissləri təbliğ olunur. Fortunatonun simasında ailə dəyərlərini ləyaqətlə təmsil etmək, cəmiyyət üçün gərəkli vətəndaş olmaq kimi ali prinsiplər diqqətə çəkilir.

Oynadığı rollarla tamaşçılarda maraq yaradan C.Mirzəyev adlarını çəkdiyimiz filmlərdən sonra “Koroğlu”, “Qara qağayı” (“Lenfilm” kinostudiyası), “Yenilməz batalyon”, “Qanun naminə”,  filmində “Yol əhvalatı”, “Qanlı zəmi” və s. filmlərdə bir-birindən maraqlı rollar canlandırıb.

C.Mirzəyev “Mozalan” studiyasında rejissor kimi fəaliyyət göstərmiş,  60-dan çox bədii və sənədli kinosüjetlər çəkmişdir.
Bədii kinoda isə 3 tammetrajlı -“Bəyin oğurlanması” (Vaqif Mustafayevlə birgə), “İşarəni dənizdən gözləyin” və “Fəryad” filmlərini ekranlaşdırıb.

Yaşadığı 46 illik ömrə o qədər geniş fəaliyyət sığdırıb ki, sanki qət etdiyi yolun yarımçıq olduğunu əvvəlcədən hiss edirmiş.
Onun 1985-ci ildə çəkdiyi “Bəyin oğurlanması” filminə bilərəkdən sənət adamlarının əksəriyyətini cəlb etməsi, xalqın toy adət-ənənəsini lentə alması və bütün bunları komediya üzərində qurması rejissorun millə ruha olan bağlılığından xəbər verirdi. 
Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Filmdəki toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyəti və çəkiliş zamanı ssenari və çəkilən materialın real həyatdan çox uzaq olduğunu hiss edib görən rejissorun uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə almasıdır. Əsl toyla bağlı əhvalatlar artıq filmin ikinci süjet xəttini təşkil edir. Tamaşaçı film vasitəsilə kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır. 

C.Mirzəyev 1986-cı ildə müstəqil olaraq yazıçı Firudin Ağayevin “İldırım dənizə çaxır" və "İldırım ömrü" romanlarının motivləri əsasında Azərbaycanın dəniz işləri üzrə ilk xalq komissarı Çingiz İldırıma həsr olunmuş “İşarəni dənizdən gözləyin” filmini çəkir. 
Azərbaycanda sovet hakimiyyəti qurulması uğrunda aparılan mübarizədən danışan filmdəki qəhrəmanların ümumiləşdirilmiş obrazları arxasında real tarixi şəxsiyyətlər durur.

Bu filmdən sonra rejissor 1993-cü ildə - Qarabağ torpaqlarının işğala məruz qaldığı bir dövrdə “Fəryad” filminə quruluş verməklə, hətta əsas qəhrəman olan İsmayıl obrazını yaratmaqla, inandırıcılıq baxımından döyülmə səhnəsinə canlı çəkilməklə dövrün haqsızlığa qarşı olan fəryadını nümayiş etdirir.

Yeri gəlmişkən, “Azərbaycanfilm” və “Aşkarfilm” kinostudiyalarının birgə istehsalata buraxdığı “Fəryad” filminin ssenarisi elə Ceyhun Mirzəyev üçün nəzərdə tutulub. O, heç bir müdaxilə olmadan, öz görüntülərinə arxalanaraq filmi çəkib. O, rejissor ssenarisini hazırlayarkən, eyni zamanda aktyor seçimində də öz fikrini əsas götürüb. Əgər Gürcüstandan dəvət olunan bir neçə aktyor(erməni obrazına dəvət olunan aktyorlar nəzərdə tutulur) nəzərə alınmazsa, onda demək olar ki, filmdə görünən digər sənət adamları öz aktyorlarımızdır. Hadisələrin ən qızğın gedişatı zamanı heç kimin edə bilmədiyi cəsarətlə “Fəryad”ı yaratdı və hadisələri öz gözləri ilə görmüş insanları da filmin çəkilişinə cəlb etdi. 

Filmin çəkilişi zamanı C.Mirzəyev öncə İsmayıl obrazını yaratmaqdan imtina edib, hətta bu rola uyğun olan aktyor axtarışına da başlayıb. Bu da ona görə idi ki, o, rejissor işi ilə yanaşı, filmdə obraz yaratmağın çətinliklər törədəcəyindən qorxurdu. Ancaq İsmayılı özü qədər duyan ikinci bir aktyor tapmaq çətin idi, buna görə də sonda özü həmin obrazı yaratmağa qərar verir.

Filmdə Ceyhunun daxili iztirabları, düşüncələri hamısı həqiqət olub. 
İsmayılın həbsxanada döyülmə səhnəsinin daha canlı alınması üçün rejissor aktyor yoldaşlarından xahiş edib ki, onu doğrudan da döysünlər, hətta lazım gəlsə, lap zədə alana kimi döysünlər. 
Canlı döyülmə filmin inandırıcı çıxması üçün yaxşı bir ideya kimi irəli sürülməsinə baxmayaraq, sonrakı proseslər sübut edib ki, bu, Ceyhun Mirzəyevin səhhətinə mənfi təsir göstərib. Eyni zamanda isə ölkədə haqsız olaraq cərəyan edən hadisələr onu çox təsirləndirib.
Onu tanıyanlar deyirdi ki, Ceyhun əgər bilsəydi ki, “Fəryad” filmi onun həyatına son verəcək, yenə də bu yoldan dönməzdi və film üçün bütün gücünü səfərbər edərdi...necə ki, səfərbər etdi də...
Ömür vəfa etsəydi, bir çox sənət nümunələri yaradacaqdı, görüləcək işləri, həyata keçiriləcək layihələri var idi...

Kino sevgisi güclü olan və bu sevgini hər şeydən üstün tutan Ceyhun Mirzəyevi doğulduğu gündə böyük sevgi və hörmət və ehtiramla yad edirik! 


Hiç yorum yok:

Yorum Gönder

Pages