Azərbaycanda “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi gözlənilir. Bununla bağlı qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.
Layihədə tütün məmulatlarının istehsalı, satışı, ixracı və digər məsələlər öz əksini tapıb.
Sənəddə diqqəti cəlb edən məqamlardan biri də tütün və siqaret məhsullarının ixracı və idxalı ilə bağlıdır. Tütün məmulatı qismində siqaretin idxalı şərtlərindən biri idxalçının ən az 1 il müddətində tütün məmulatının istehsalı sahəsində fəaliyyəti göstərməsidir.
Burada əsas məqsədin daxili bazarın mənafeyinin qorunması, yerli istehsalın prioritetliyinin saxlanılması, ixrac potensialının artırılması olduğu bildirilir.
Mövzu ilə bağlı TNS-ə açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, dəyişikliyin köhnə idxalçılara deyil, bundan sonra qeydiyyatdan keçəcək sahibkarlara şamil olunması nəzərdə tutulur.
Onun sözlərinə görə, həmin şəxslər ilk növbədə bu sahənin mütəxəssisləri olmalıdır: "Buna görə də 1 il muddətinə istehsal sahəsində fəaliyyət göstərməlidir ki, sonrakı illərdə qanuna uyğun şəkildə idxal prosesinə qoşula bilsin. Bu sahədə fəaliyyət göstərən sahibkar başqa şərtlərə də cavab verməlidir. Məsələn, sahibkar minimum 34 milyon manatlıq investisiyaya sahib olmalıdır. Müasir texnologiyalarla istehsalı tənzimləmək və laboratoriya sisteminin quraşdırılması üçün bu vəsaitə ehtiyac var".
Deputat qeyd edib ki, layihədə lisenziyaların alınması ilə bağlı da bəzi müddəalar nəzərdə tutulub: "Bildirim ki, tütün və tütün məmulatlarının insan sağlamlığına zərər vurduğu məlumdur. Bu baxımdan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də bu məsələdə mühüm rola malik olacaq. Qanunda tütünün texniki və keyfiyyət göstəriciləri, eləcə də hansı ölkədən idxal olunması kimi məsələlər çox ciddi şəkildə diqqətdə saxlanılır. Bu gün ölkəyə həm qaçaqmalçılıq, həm qanuni yollarla gətirilən bir çox tütün məhsullarının tərkibi insan sağlamlığı üçün çox təhlükəlidir".
Müsahibimiz layihənin bu halların qarşısını almaq üçün hazırlandığını, qeyri-qanuni fəaliyyətlə bağlı ciddi sanksiyaların nəzərdə tutulduğunu deyib: "Sənəddə qanunun tələblərini pozanların ağır məsuliyyətə cəlb olunması, eyni zamanda AQTA-nın belə hallara qarşı nəzarət mexanizmi əksini tapıb. Qurum qanunun tələbləri əsasında nəzarəti təmin edəcək. Qanunun qəbulu ölkənin ixrac potensialının da artmasına səbəb olacaq. Əgər daxildə istehsal olunan tütün və siqaret məhsullarının keyfiyyəti müəyyən standartlara cavab verərsə, ixracına da şərait yaradılacaq".
Rövşən Ziya
Hiç yorum yok:
Yorum Gönder