"Elektron xəstəlik vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında sığortaolunan şəxslərə ödənilən müavinətin hesablanması üçün əsas sənəd hesab olunur".
Bakmiltv.info xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında canlı yayımda Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.
Onun sözlərinə görə, bu sənəd funksional baxımdan kağız daşıyıcılarda tərtib edilən ənənəvi xəstəlik vərəqələrinin elektron formatda təqdim olunan alternatividir:
"Elektron xəstəlik vərəqəsi Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) vasitəsilə rəqəmsal formada tərtib edilir və müvafiq sistem inteqrasiyaları əsasında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ötürülür. Bu yanaşma ənənəvi prosedurla müqayisədə iş prosesini optimallaşdırır, sənəd dövriyyəsini azaldır və operativliyi təmin edir. Elektron xəstəlik vərəqəsinin tərtib olunması üçün səlahiyyətli həkimlər "Sima" hüquqi imza və VSİS sisteminə giriş hüququ əldə etməlidirlər. Qeyd olunan texniki və hüquqi tələblər təmin olunmadığı təqdirdə, kağız daşıyıcılarda tərtib olunmuş xəstəlik vərəqələri etibarsız hesab ediləcək və DSMF tərəfindən qəbul edilməyəcək".
Mütəxəssis bildirib ki, elektron xəstəlik vərəqələrinin tərtibi "Elektron səhiyyə" adlı mobil tətbiq vasitəsilə də mümkündür:
"Müvafiq tətbiqin mobil qurğulara yüklənməsi ilə həkimlərə e-bülletenlərin tərtib olunması prosesi əlçatan edilir. Elektron xəstəlik vərəqələrini sığorta edənlər (işəgötürən) DSMF-nin "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) vasitəsilə əldə edə bilir. Tibb müəssisələri üçün isə bu sənəd VSİS üzərindən əlçatan olur. Vətəndaşlar üçün elektron xəstəlik vərəqələri "Elektron səhiyyə" mobil tətbiqi vasitəsilə əlçatandır. Həmçinin vətəndaşlar xəstəlik vərəqələrinin nüsxəsini müraciət etdikləri tibb müəssisəsindən də tələb edə bilərlər".
S.Məhərrəmova sonda qeyd edib ki, elektron xəstəlik vərəqələrinin tərtibi ilə bağlı hər hansı çətinlik yaranacağı təqdirdə, tibb müəssisələri "814" çağrı mərkəzinə müraciət edə bilərlər.
Hiç yorum yok:
Yorum Gönder