Xalq artisti, aktyor Muxtar Avşarovun ad günüdür.




Muxtar Həsən oğlu Avşarov İrəvanda anadan olub. 1918-ci ildə ermənilərin soyqırım siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri kimi onların da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutub və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətiriblər. 9-cu sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayıb. Hələ məktəbli vaхtlarından incəsənətə, teatra olan həvəs onu rahat buraхmadığından boş vaхtlarında Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıхır. Çoх keçmir ki, dərnəyə Ülvi Rəcəb rəhbərlik etməyə başlayır. Muxtar Avşarov ilk teatr təhsilini elə bu sənətkardan alır. İlk olaraq A.Şirvanzadənin “Namus” pyesi tamaşaya qoyulur və pyesdəki Sumbat rolu ona tapşırılır. 1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan Muxtar Avşarov Gəncə paravoz deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətini davam etdirir. 1936-cı ildə Moskvaya iki aylıq mədəni-maarif kursuna göndərilir və oranı bitirdikdən sonra Gəncə Mədəniyyət evində kütləvi işçi vəzifəsinə təyin edilir. Bir müddətdən sonra onu Gəncə Dövlət Dram Teatrına dəvət edilir. Muxtar Avşarov Gəncə Teatrında 100-dən artıq rolda oynayıb. Böyük Vətən müharibəsi başlayandan üç gün sonra onu həbs edirlər. Səbəb bu idi ki, Muxtar Avşarov ictimai yerlərdə Gəncənin adının dəyişdirilərək Kirovabad qoyulmasına və Gəncə Teatrına Beriyanın adının verilməsinə etiraz edib. Beş il həbsdə yatan Muxtar Avşarov vaхtından beş il əvvəl azadlığa buraхılır. Onun qayıdışı ilə Gəncə Teatrı S.S.Aхundovun “Eşq və intiqam” əsərini tamaşaya qoyur və əsas rolu oynamaq ona tapşırılır. Tamaşanın ertəsi günü onu yenidən teatrdan azad edirlər. Əmr belə idi ki, o, ictimai yerlərdə, ictimaiyyət arasında olmamalıdır. Bir müddət işsiz qalan Muxtar Avşarov dəyirmanda fəhlə işləyir, nəhayət Stalinin ölümündən sonra yenidən Gəncə Teatrında fəaliyyətni davam etdirir. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışıb, yüzlərlə tamaşada müхtəlif хarakterli obrazlar yaradıb. 1992-ci ildə Amaliya Pənahova özünün Bakı Bələdiyyə Teatrını yaradır və Muxtar Avşarovu teatrına dəvət edir. 1996-cı ildə Mədəniyyət Fondu nəzdində “Sönməyən ulduzlar” teatrı fəaliyyətə başlayır və bu teatrda rejissor işləyən Məmədkamal Kazımov Muxtar Avşarovu həmin teatra dəvət edir. Muxtar Avşarov xarici rejissorların çəkdikləri “Dmitri Kantemir” (1973, rejissorlar Vladimir İoviça, Vitali Kalaşnikov / Moldova) filmində Kərim rolunda, “Başı açıq” (Gürcüstan), “Çayın o sahilində” (Gürcüstan), “Georgi Sahakadze” (Gürcüstan), filmlərində çəkilib. Əməkdar artist (1960), xalq artisti (2002), “Şöhrət” ordeni laureatı (2004) Muxtar Avşrov 2004-cü ildə vəfat edib.

Filmoqrafiya:
Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – aktyor (Rəsi)
Dəli Kür (1969, tammetrajlı bədii film) – aktyor (Allahyarın dostu)
General (1970, qısametrajlı bədii film) – aktyor
Sevil (II) (1970, tammetrajlı bədii film) – aktyor (bəy)
Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – aktyor (kəndli Rəsul)
Gün keçdi (1971, tammetrajlı bədii film) – aktyor (poçtalyon)
Ulduzlar sönmür (1971, tammetrajlı bədii film) – aktyor
Gilas ağacı (1972, qısametrajlı bədii film) – aktyor (Səftərəli)
Xatirələr sahili (1972, tammetrajlı bədii film) – aktyor (çəkməçi)
Zınqrov (1973, qısametrajlı bədii film) – aktyor (Heydər)
Qatır Məmməd (1974, tammetrajlı bədii film) – aktyor (kəndli)
Tütək səsi (1976, tammetrajlı bədii film) – aktyor
Ad günü (1977, tammetrajlı bədii film) – aktyor (bufetçi)
Arxadan vurulan zərbə (1977, tammetrajlı bədii film) – aktyor (quldur)
Yollar görüşəndə... (1979, qısametrajlı film-tamaşa) – aktyor (İlyas)
Gözlə məni (1980, tammetrajlı bədii film) – aktyor (Hümmət)
Qızıl uçurum (1980, tammetrajlı bədii film) – aktyor (arabaçı)
Sarıköynəklə Valehin nağılı (1980, tammetrajlı film-tamaşa) – aktyor (Qədirxan)
Babamızın babasının babası (1981, tammetrajlı bədii film) – aktyor (qonaq)
Birisigün, gecəyarısı... (1981, tammetrajlı bədii film) – filmi səsləndirən (kəndli-Süleyman Ələsgərov)
Topal Teymur (1983, tammetrajlı film-tamaşa) – aktyor (Şeyx Buxari)
Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – aktyor
Qara gölün cəngavərləri (1984, tammetrajlı bədii film) – aktyor (Məlik)
Cin Mikrorayonda (1985, tammetrajlı bədii film) – aktyor (ruhani)
Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (İran zabiti)
İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – filmi səsləndirən (müsavatçı-Mirzə Babayev)
Qəm pəncərəsi (1986, tammetrajlı bədii film) – aktyor (molla Həzrətqulu)
Şəhərli biçinçilər (1986, tammetrajlı bədii film) – aktyor
Afroditanın qolları (1987, qısametrajlı bədii film) – aktyor (molla)
Kişi sözü (1987, tammetrajlı bədii film) – aktyor (Ələmdar)
Solğun çiçəklər (1987, tammetrajlı film-tamaşa) – aktyor
Sürəyya (II) (1987, tammetrajlı bədii film) – aktyor (kənd sakini)
Güzgü (1990, qısametrajlı bədii film) – aktyor (Muxtar)
Qətl günü (1990, tammetrajlı bədii film) – filmi səsləndirən (qonşu-Məmmədağa Məmmədov)
Etiraf (1992, tammetrajlı bədii film) – aktyor (qarovulçu)
Cəza (1996, tammetrajlı film-tamaşa) – aktyor (Muxtar)
Qarabağ şikəstəsi (1996, qısametrajlı bədii film) – aktyor
Hər şey yaxşılığa doğru (1997, qısametrajlı bədii film) – aktyor (molla)
Sarı gəlin (1998, tammetrajlı bədii film) – aktyor
Güllələnmə təxirə salınır!... (2002, tammetrajlı bədii film) – aktyor (sahə müvəkkili Kəbleyi)
Hacı Qara (IV) (2002, tammetrajlı bədii film) – aktyor (erməni zabit)
Məkanın melodiyası (2004, tammetrajlı bədii film) – aktyor (naməlum kişi)
Afaqın məhəbbəti (????, qısametrajlı film-tamaşa) – aktyor
Gecə yarıdan keçəndə... (????, qısametrajlı film-tamaşa) – aktyor (Qafar)

Hiç yorum yok:

Yorum Gönder

Pages