30 AVQUST - BEYNƏLXALQ İTKİN DÜŞMÜŞLƏR GÜNÜDÜR



Bakı, 30 avqust (Bakmiltv.info). Avqustun 30-u Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunur. Beynəlxalq İtkin Düşmüşlər Günü dünyada minlərlə itkin düşmüş, hərb meydanında həlak olmuş naməlum şəxslər, tutulub gizli yerlərdə saxlanılan və yaxud gizli edam edilmiş insanların xatirəsinə həsr olunmuşdur.

Beynəlxalq Qırmızı Xaç Komitəsi müharibələr zamanı itkin düşmüş şəxsləri axtarıb tapmaq işinə görə şöhrət qazanmışdır. Lakin, hətta bu təşkilat da dünyada itkin düşmüş insanların dəqiq sayını göstərməyə acizdir. Amma bu cür insanların sayı yüz minlərlə, bəlkə də milyonlarladır. İtkin düşmüş şəxslərin ailələri dərd və üzüntü içərisində öz yaxınlarının taleyi barədə cavab almaq istəyirlər.

1992-ci ildən Beynəlxalq Qızıl Xaç Komitəsi itkin ailələrini öz yaxınlarının taleyini öyrənmək yönümündə dəstəkləyir. Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərə dair məlumatın bütün ölkədə toplanması və mərkəzləşdirilməsi səylərini davam etdirir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun məlumatına görə, 2010-cu il iyunun 1-nə əsir, itkin düşmüş və girov götürülmüş azərbaycanlıların sayı 4090 nəfər təşkil edir. Onlardan 3297-si hərbçi, 787-si isə mülki şəxsdir. Altı nəfərin hərbçi və ya mülki vətəndaş olduğu məlum deyildir. Mülki şəxslərdən 48-i itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq, 252-si qadın, 353-ü yaşlı şəxsdir.

İndiyədək əsir və girovluqdan 1397 nəfər azad edilmişdir. Onlardan 343-ü qadın, 1054-ü kişidir. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104-ü qadın, 448-i kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

Hiç yorum yok:

Yorum Gönder

Pages