Azərbaycan Avropa Oyunlarında: Fiasko, yoxsa?..



Azərbaycan millisinin Polşada keçirilən III Avropa Oyunlarındakı çıxışını yaxşı adlandırmaq olmaz.

Bakmiltv.info xatırladır ki, 14 növdə yarışan 101 idmançımız ümumilikdə 11 medal - üç qızıl, iki gümüş və altı bürünc - qazanıb. Azərbaycan komanda hesabında 41 ölkə arasında 24-cü yeri tutub. Medal sayına görə isə nəticə daha pisdir - 26-cı pillə.

Yığmaya qızıl medalları karateçilər - Tural Ağalarzadə, İrina Zaretska və kikboksçu Fərid Ağamoğlanov - qazandırıblar. Taekvondoçu Səyyad Dadaşov və boksçu Maqomed Abdullayev gümüş medal əldə ediblər. Bürünc medalları isə karateçi Asiman Qurbanlı, taekvondoçu Qaşım Maqomedov, muay-tayçılar - Xəyal Əliyev, Aysu Dərvişova, Emili Rzayeva və boksçu Murad Allahverdiyev qazanıblar.

Krakovdakı nəticə Bakıda (ümumi sıralamada ikinci yer) və Minskdə (ümumi sıralamada 10-cu yer) keçirilən Avropa Oyunları ilə müqayisədə çox pisdir. 2015-ci ildə komandamız 56 mükafat əldə etmişdi. Onlardan 21-i qızıl, 15-i gümüş və 20-si bürünc medal idi. Dörd il sonra Belarusda Azərbaycan 28 medal qazanıb. Bu dəfə beş “qızıl”, 10 “gümüş” və 13 “bürünc” əldə edilib.

Uğursuz çıxışı fiasko adlandırmaq olarmı? Yoxsa obyektiv səbəblər də tapmaq mümkündür?

İdmançılarımız olimpiya növlərində bir qızıl medal belə qazana bilməyiblər. Dörd il əvvəlki Avropa Oyunlarında isə 28 medaldan 25-i məhz bu növlərin payına düşürdü. Eyni zamanda, bu dəfə 16 növün doqquzunda təmsil olunmuşuq. Əlavə olaraq, Avropa Oyunlarının proqramına cüdo da komanda şəklində daxil idi. Paris-2024 Olimpiadasına bir il qaldığını nəzərə aldıqda diqqətin məhz bu növlərə yönəlməsi anlaşılandır.

Öncəki Oyunlarla müqayisədə belə zəif nəticənin obyektiv səbəblərindən biri Polşada güləş, cüdo üzrə fərdi yarışlar, akrobatika və sambonun proqrama daxil edilməməsidir. Minskdə 28 medalın 21-i məhz bu növlərin payına düşürdü. Beləliklə, bir səbəb aydındır: Azərbaycanın güclü olduğu idman növlərinin proqrama daxil edilməməsi.

Lakin eyni zamanda, Krakovda Minskdə olmayan idman növləri var idi. Taekvondo, muay-tay və kikboksinq proqrama daxil edilmişdi. Medalların yarısından çoxu - altısı da bu növlərin payına düşür.

Digər növlər üzrə əksər təmsilçilərimiz Polşaya “turist” kimi gediblər? Sual ritorikdir.

Konkret olimpiya növləri üzrə vəziyyətin daha aydın olması üçün əlavə edək ki, boksçular - Maqomed Abdullayev və Murad Allahverdiyev müvafiq olaraq, ikinci və üçüncü olmaqla Olimpiadaya lisenziya qazanıblar. Onlardan başqa, olimpiya növlərində yalnız taekvondoçular medal qazanıblar. Səyyad Dadaşov “gümüş” əldə edibsə, Qaşım Maqomedov “bürünc”lə kifayətlənib. Bir müddət əvvəl Bakıda keçirilən dünya çempionatında uğursuzluğa düçar olan həmin idmançıların Krakovda medal sahibi olması eyni zamanda Avropa Oyunlarının ümumi səviyyəsi barədə müzakirələrə də yol aça bilər.

Onu da nəzərə almaq lazımdır ki, əvvəlki Avropa Oyunlarında ölkə sıralamalarında birinci olan Rusiya və Belarus idmançıları bu dəfə “köhnə qitə” yarışlarına buraxılmamışdılar. Buradan çıxan nəticə isə odur ki, hər nə qədər bəzi idman növlərinin olmaması əlverişsiz şərait yaradırdısa, eyni zamanda, əksər növlərdə favorit olan ölkələrin iştirak etməməsi əlavə fürsət idi.

Azərbaycan atletika, atıcılıq, badminton, qılıncoynatma və triatlonda mükafatsız qalıb. Atıcılıqda Ruslan Lunyov, qılıncoynatmada Anna Baştanın zəif çıxışı xüsusilə təəssüfləndirir.

Hər nə qədər səbəblər sadalamaq, bəzən uydurmaq mümkün olsa da, bu qədər zəif nəticələrin olmasına haqq qazandırmır. İdman ölkəsinin beynəlxalq yarışlarda uğurları təkcə güləşlə assosiasiya oluna bilməz.

Azərbaycan idmançılarının Avropa Oyunlarında uğursuz çıxışı həyəcan təbili olmalıdır. Rusiya və Belarus kimi ölkələrin təmsil olunmadığı yarışlarda belə nəticə cəmi bir il qalan Olimpiya Oyunları öncəsi neqativ ruh yaradır.

Hiç yorum yok:

Yorum Gönder

Pages