XX əsrin əvvəllərində "Möminlər diyarı" adlanan Salyan rayonunda yaşamış Ağahüseyn əminin (ictimai-siyasi xadim Aslan Hüseynovun və gözəl qəlbli insan Məmmədhüseyn Hüseynovun atası)  gözəl bir cümləsi var: "El-obanın sevimlisi olmaq üçün gərək səndə sağlam ürək olsun. Gərək əslin-nəcabətin olsun!"

15 il öncə Qənirə Paşayevanı yaxından görmək nəsibim oldu. Biz, Xocalı soyqırımının tanınması ilə əlaqədar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunan tədbirlərdə birgə iştirak etdik. Bir dəfə İstanbulda, dünyanın 12 dövlətini təmsil edən 2.500 gəncin qarşısında çıxış etmək mənə də nəsib oldu. Anadolu türkcəsində çıxış etdim. Azərbaycanı təmsil edən ziyalıların arasında Milli Məclisin deputatı Qənirə Paşayeva, həmçinin, Xocalı soyqırımının şahidlərindən biri-" Azərbaycan bayrağı" ordenli, Əməkdar həkim, ehtiyatda olan tibb xidməti kapitanı Məmməd Nağıyev və başqaları vardı.Çıxışımı alqışlarla qarşıladılar. Toplantı qurtaran kimi Qənirə xanım xüsusi qaydada mənimlə görüşdü, təşəkkür etdi. Dedi ki, Ölkəmizi xaricdə Sizin kimi insanlar təbliğ etməlidir. Bu toplantıdan sonra tez-tez görüşür, tədbirlərdə birgə iştirak edirdik. İraq türkmənlərinin nümayəndəsi müğənni Zəfər İşləyən Azərbaycana gəlmişdi. Qənirə xanımın təklifi ilə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində tədbir keçirilməsinə icazə aldıq. Qənirə xanım mənə dedi:"Qardaşım, tədbiri özün idarə elə!"Qənirə xanımın rəfiqəsi, fəal İctimai xadim Arzu Bagirova da ordaydı.Ən azı 100 əsgərə qiymətli hədiyyələr verildi. 

Mənə demişdilər ki, Qənirə Paşayeva xaraktercə ciddi adamdır. Həqiqətən də elə idi. Ancaq mənimlə danışanda çox sakit və təmkinli görünürdü. 

Tanıdığım ailələrdən birinin qız övladı "Hədəf" Hazırlıq kursunda məşğələlərdə iştirak edirdi. Son 3 ayın hazırlıq pulunu verməyə valideynlərin imkanları yox idi. Qənirə xanıma dedim. Şirkət rəhbəri, ziyalı dostumuz Şəmil Sadiqlə danışdı. "Hədəf" Şirkəti son 3 ayın pulundan imtina etdi.

Bu cür faktlar çoxdur.

Təəssüf olsun ki, 2023-cü il sentyabrın 28-də işıqlı dünyaya gözlərini əbədi yumdu Qənirə Paşayeva. Çox vaxt görüşəndə mənə deyərdi:"Qardaşım, az qalıb, Şuşa və Xocalıya birgə gedəcəyik. Təəssüflər olsun, Şuşa və Ağdamı ziyarət etsə də, Xocalını ziyarət etmək Qənirə Paşayevaya nəsib olmadı. Tam əminəm ki o, Cənnəti sağlığında ikən qazanmışdı. 

Allah rəhmət eləsin. Amin.


Şamil Sabiroğlu, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu, jurnalist.

29.09.2025.