Mikayıl Şıxovdakı balıq restoranında maşını saxlayır ki, nahar eləsinlər. Amma Eldənizə deyir ki, içki olmayacaq, çünki, həm maşın sürürəm, həm də aktyor İlham Əhmədovun atasının yas yerinə getməliyəm. Eldəniz əvvəl razılaşır, yemək gələndə isə dava-dalaş salır ki, mən yasa getməyəcəm, içməliyəm ee... Nə isə, yarım litri tək vurur. Mikayıl gətirib bunu evinin yanında düşürtmək istəyəndə dirənir ki, yox e, İlhamdan ayıbdır, mən də yasa gedirəm. Mikayıl şərt kəsir: Onda məclisdə səsin də çıxmayacaq, dinməyəcəksən, yoxsa kefli olduğunu biləcəklər, ayıbdır...
Eldəniz razılaşır. Girirlər mağara. Eldəniz şərti unudur, məclis əhli ilə “Qədeş, salam, nə var, nə yox?” eləyə-eləyə bir-bir görüşüb-öpüşür. Baş tərəfə çatanda molla ilə də öpüşür. Molla bunun kefli olduğunu görüb dilxor olur. Eldənizlə Mikayıl bir yer tapıb yanaşı otururlar. Az sonra molla başlayır altdan-altdan Eldənizə baxa-baxa içkini pisləməyə. Eldəniz də hər dəfə dartınır ki, durub buna cavab versin, amma Mikayıl qolundan çəkib sakitləşdirir. Elə bu vaxt molla deyir: "Böyük şair Sədi Şirazi də içki haqqında...."
Bu məqamda dözməyən Eldəniz yerindən qalxıb üzünü mollaya tutur: "Ala, qələtüvi elə, "Yasin"üvi oxu. Şeir demək lazımdırsa, yanımda bu boyda sənətkar oturub. Mikayıl Mirzədən yaxşı şeir deyən çıxıb mənimçün"...
0 Yorumlar