Əməkdar artist Cabir İmanovun nəşi təşrih üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.
Bakmiltv.info-nın əməkdaşı bildirir ki, daha sonra onun nəşi Əjdərbəy məscidinə aparılıb.
Aygün Mirakif
16:11
Əməkdar artist Cabir İmanov məşq prosesində ölməyib.
Bakmiltv.info xəbər verir ki, bu barədə jurnalist Elvin Elxan paylaşım edib.
O, C.İmanovun vəfatına şahid olduğunu bildirib:
"Gözəl insan. Zala daxil oldu, bir neçə dəqiqə sonra oturdu və yıxıldı. Həyatımın ən böyük travmasını aldım. İlk dəfə birinin ölümünün şahidi oldum. O adam ki, ən gözəl məşq yoldaşı idi".
Məhərrəm Əliyev
15:02
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı məlumat yayıb.
Qurumdan Bakmiltv.info-ya bildirilib ki, bu gün saat 13:38-də Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən Əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb".
Məhərrəm Əliyev
14:53
Əməkdar artist Cabir İmanovun Bakıdakı idman zalında vəfat etməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Bakmiltv.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb.
Görüntülərdən məlum olur ki, Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər.
C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
14:19
Əməkdar artist Cabir İmanov vəfat edib.
Bakmiltv.info "Qafqazinfo"ya istinadla xəbər verir ki, o bu gün paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən idman zalında infarkt keçirib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
0 Yorumlar