Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVIB) sədri Füzuli Rzaquliyev, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına tarixi səfərinin ölkəmiz üçün siyasi, iqtisadi və strateji əhəmiyyətini şərh etmək məqsədilə VETERAN.AZ saytına müsahibə vermişdir. Füzuli Rzaquliyev müsahibəsində səfərin iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasının mühüm göstərici olduğunu, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsindəki rolunu və regionda strateji əməkdaşlığın inkişafını ətraflı şərh etmişdir. Həmin müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.

Jurnalist: Hörmətli sədr, əvvəlcə sizi salamlayırıq və bu qədər gərgin iş saatının arasında vaxt tapıb bizi qəbul etdiyiniz — müsahibəyə vaxt ayırdığınız üçün sizə öz adımızdan və oxucularımız adından təşəkkürümüzü bildiririk.

Füzuli Rzaquliyev: Deyəsən müsahibənin sonunda deyəcəyin sözləri əvvəldə deyirsən? (gülür). Sözlərimdən incimə ha. Mənimlə müharibədə döyüşənlər daha yaxşı bilirlər: hətta müharibənin ən qızğın vaxtlarında belə, əsgərləri ruhlandırmaq üçün onlarla zarafatla, baməzə tərzdə danışırdım ki, məşəqqətli vəziyyət onları sıxmasın. Hə, bir də ki, mənim qapım həmişə Vətən oğullarının üzünə açıqdır.

Jurnalist: Qapınız həmişə sevincli günlərə açılsın. Bəli, Füzuli müəllim, elədir. Əslində jurnalistika da bir növ cəbhədir və savaş meydanına bənzətmək olar. Burada oxuculara həqiqəti çatdırmaq, onları məlumatlandırmaq və düşündürmək üçün eyni cəsarət və diqqət tələb olunur. Sizin döyüş təcrübəniz jurnalistikanın bu aspektini daha yaxşı anlayışla qarşılamanıza kömək edir?

Füzuli Rzaquliyev: Tamamilə doğrudur. Müharibədə qazandığım təcrübə mənə onu da öyrətdi ki, həm döyüşdə, həm də ictimai sahədə doğru informasiya, düzgün üslub və dəqiqlik həyati əhəmiyyət daşıyır. Hər iki sahədə insanları düzgün istiqamətləndirmək və motivasiya etmək eyni qədər önəmlidir. Buyurun, sualla keçək.

Jurnalist: Füzuli müəllim, ilk sualımız belədir. Bu gün dünyada baş verən siyasi və iqtisadi prosesləri nəzərə alsaq, Azərbaycanın atdığı addımları necə qiymətləndirirsiniz?

Füzuli Rzaquliyev: Azərbaycanın uğurları birbaşa Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti ilə bağlıdır. Dövlətimizin başçısı ölkəmizin həm regional, həm də qlobal səviyyədə nüfuzunu artırmaqla yanaşı, iqtisadi və strateji layihələrdə önəmli rol oynayır.

Jurnalist: Prezident İlham Əliyevin Çinə səfəri ilə bağlı fikirləriniz nədir?

Füzuli Rzaquliyev: Bu səfər iki dövlət arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasının bariz nümunəsidir. Çin ilə Azərbaycan arasında strateji tərəfdaşlıq daha da dərinləşir, iqtisadi və siyasi əməkdaşlıq genişlənir. Bu bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, ölkəmiz Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu və Trans-Xəzər marşrutları ilə tranzit potensialını daha artırır, qədim İpək Yolunu bərpa edir, Azərbaycan Türk dünyasının qovşağına çevrilir.

Jurnalist: Çinə səfər Azərbaycan üçün nə ifadə edir?

Füzuli Rzaquliyev: Bu səfər Azərbaycanın strateji tərəfdaşlarını gücləndirir və ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirir.

Jurnalist: Xarici siyasət baxımından bu səfərin əhəmiyyəti nədədir?

Füzuli Rzaquliyev: Ali Baş Komandanımız İlham Əliyev cənabları Çini strateji tərəfdaş hesab edir və bu əməkdaşlıq iqtisadiyyat, enerji, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələri əhatə edir. Vizasız rejimin tətbiqi turizmin inkişafına və xalqlar arasında əlaqələrin dərinləşməsinə səbəb olur. Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır və bu münasibətlər beynəlxalq sülh və təhlükəsizliyə töhfə verir.

Jurnalist: Biznes mühtinə necə təsir edə bilər bu əməkdaşlıq?

Füzuli Rzaquliyev: Çinlə əməkdaşlıq iqtisadiyyatımıza birbaşa töhfə verir. Xüsusilə ticarət sahəsində, texnologiya və elektronika məhsullarının ölkəyə gətirilməsində imkanlarımız genişlənir. Bu, həm alıcılar üçün daha əlverişli bazar yaradır, həm də biznes mühitini inkişaf etdirir.

Jurnalist: Səfərin əhəmiyyətini ümumilikdə xalqımız üçüb necə qiymətləndirmək olar?

Füzuli Rzaquliyev: İlham Əliyev cənablarının Çinə səfəri Azərbaycanın xarici siyasətində strateji əhəmiyyət kəsb edən hadisədir. Bu səfər iki dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasının, qlobal iqtisadi və nəqliyyat əməkdaşlığının möhkəmlənməsinin və regionda çoxtərəfli tərəfdaşlığın inkişafının bariz nümunəsidir.

Jurnalist: Sonuncu sualım. Çin ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqeyinə necə təsir göstərəcək?

Füzuli Rzaquliyev: Olduqca yüksək. Bəli. Əvvəla, Azərbaycan Çin Xalq Respublikasının “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Bu əməkdaşlıq sayəsində Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub marşrutunun vacib hissəsinə çevriləcək. Bizim növbəti hədəfimiz məhz Zəngəzur dəhlizidir. Biz — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi şahidi oluruq ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabları qarşıda duran vəzifələri təmkin və səbrlə həyata keçirir və biz onun bu siyasətini daim dəstəkləmişik və bir daha bəyan edirik ki, çoxminlik üzvlərimizlə birgə onunla eyni cəbhədə dayanmışıq və həmişə yanında olacağıq.

Jurnalist: Müsahibəniz üçün sizə təşəkkür edirəm.

Füzuli Rzaquliyev: Mən də sizə təşəkkür edirəm. Sağ olun.

Müsahibəni apardı:
Nurlan Məmmədli

AVMVİB-in Mətbuat xidməti