Hər bir dövlətin məhkəmə sistemi onun aynasıdır. Azərbaycanda da bu aynanın qarşısında dayanmaq, yəni məhkəməyə müraciət etmək, nəzərdə hər kəs üçün açıq görünür. Amma elə bir məsələ var ki, bu aynaya həqiqətən hamı baxa bilmir. Sual yarana bilər: Bəs niyə? Məgər kimsəyə məhkəməyə müraciət etmək qadağan olunub? Əlbəttə ki, yox!
Sadə həqiqət budur ki, məhkəmə yolunda qarşıya çıxan maddi problemlər çoxları üçün bu hüququ istifadə etməyi mümkünsüz edir. Bu isə təkcə məhkəmənin əlçatanlığına deyil, həm də dövlətin ədalət anlayışını şübhə altına qoyur.
Məhkəməyə getmək nə qədər başa gəlir?
Gəlin, ən sadə bir mülki iş üzrə məhkəməyə getmək üçün nə qədər xərc çıxacağını hesablayaq:
· İlkin hüquqi məsləhət: 30-50 manat
· Vəkilin xidməti (ilk instansiya məhkəməsi üçün): Təxminən 600 manat
· Mediasya: Ən aşağı 61 manat.
Diqqət yetirin: dünyanın bir çox yerində könüllü olan mediasya bizdə bir çox iş üçün məcburidir. Heç bir təziq qüvvəsi olmayan, bir çox dövlət təşkilatları tərəfindən sayılmayan mediasyada heç bir imtiyazlı şəxsə, o cümlədən şəhid ailələri və qazilər üçün güzəşt yoxdur.
Xatırlayıram, bir neçə ay əvvəl Xətai rayon məhkəməsində yaşlı bir xanımla rastlaşdım. Oğlundan şikayət edirdi: "40 yaşlı oğlum əyyaş və narkomandır. Nə özü yaşayır, nə də mənə yaşamağa imkan verir. Onu həbs etdirmək istəmirəm. Sosial müdafiəyə müraciət etdim ki, məni qocalar evinə qəbul etsinlər, imtina etdilər, səbəb göstərdilər ki, övladın var."
Xanım mediasia və vəkil xərclərini eşidən kimi ağlamağa başladı: "Aylıq 300 manat pensiya ilə özümü güclə saxlayıram. Bu pulu hardan tapım?"
Təssüf ki, belə çətinliklər içində olan tək o deyil. İş yerindən haqsız yerə qovulanlar, əmək hüquqları pozulanlar, ailə içi zorakılığa məruz qalanlar, qazilər, şəhid ailələri və əlilliyi olan vətəndaşlar – bu gün maddi çətinliklər üzündən məhkəməyə çıxış yolu tapa bilmirlər.
Bu gün Azərbaycanda əmək və sosial hüququ tapdanan vətəndaşlar , imkansız vətəndaşlar gərək özləri " Tarixi -Nadir" i (qanunvericiliyi ) öyrənib vəkilliklərini özləri etməli və ailəsinin gəlirini itirmək azmış kimi mediasiya üçün pul tapmağa çalışmalıdır. Bu isə vətəndaşı anarxiaya, rüşvətə, korrupsiyaya sürükləmək riski yaradır. Nəticədə özünəqəsd halları və məişət zorakılığının sayı getdikcə artır.
Nəticə aydındır
Məhkəməyə müraciətin qarşısındakı maddi maneələr aradan qaldırılmasa, mediasiya həqiqi mənada könüllü olmazsa, "nümayəndəlik" statusu bərpa olunmazsa, Dövlət Əmək Müfəttişliyi kimi qurumlar yalnız kağız üzərində qalıb real fəaliyyət göstərməsə, yaxın gələcəkdə sosial problemlərin daha böyük böhranlara çevrilməyəcəyinə heç kəs zəmanət verə bilməz.
Ədalət yalnız varlılar üçün deyil, hamı üçün əlçatan olmalıdır.
Əhməd Rəhmanov. Müstəqil Həmkarlar Birliyinin sədr müavini.
0 Yorumlar