26 avqust 1949-cu ildə Azərbaycanın dilbər güşələrindən biri olan Lənkəranın ən qədim yaşayış məskəni Cil kəndində Hümmət kişinin evində 5 qız övladından sonra bir oğlan uşağı dünyaya göz açdı. Oğul övladı xəbərini çəltik sahəsində işləyən zəhmətkeş Hümmət kişiyə çatdırdıqda əllərini göyə qaldırıb “Allaha şükür deyərək, adı da Allahşükür olsun”. Bu adı eşidən anası Kafiyə xanım da “Övladım Allah yoluna fəda olsun” fikirlərini sevinc göz yaşlayrıyla bildirdi. Orta məktəb dərsləri ilə yanaşı dini təhsilini yerli din adamlarından gizlincə almağa başlamış, daha sonra Şeyx Qüdrətin yanında təhsilini daha da kamilləşdirmişdir. Məhz 1968-ci ildə Şeyx Qüdrətin göndərişiylə Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmişdir. Qafqaz Müsəlmanları İdarəsinin tarixində sayca on ikinci Şeyxülislam, Qazılar Şurasının sədridir. 2003-cü ildə şeyxülislamlıq vəzifəsinə ömürlük seçilmişdir. Dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır. 1991-ci ildə Bakı İslam Universitetinin təsis etmişdir.
Şeyxülislam Allahşükür Paşazadə həmişə Azərbaycan həqiqətlərini, Qarabağ problemini tanınmış din və dövlət xadimləri ilə yüksək səviyyəli görüşlərində müzakirə edir, bölgədə sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı geniş təbliğat işi aparır. Dəfələrlə Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün rus, gürcü, erməni dini liderləri ilə görüşlər keçirmiş, erməni dini rəhbərlərini Qarabağ məsələsi ilə bağlı konstruktiv dialoqa səsləmişdir. Aparılan danışıqlar münaqişənin dini zəmində bir müharibə olması fikrinin qarşısını almış, gələcəkdə də belə bir müstəviyə keçməsi üçün heç bir istinad nöqtəsi qoymamışdır. Şeyxülislam həzrətləri Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olanların dəfn mərasimlərinin təşkili işində də yaxından iştirak etmişdir. Bundan əlavə, o, dəfələrlə cəbhə bölgələrinə, birbaşa səngərlərə səfərlər etmiş, əsgərlərimizdə Vətənə məhəbbət ruhunun yüksəlməsinə öz töhfəsini vermişdir. Hospitallardakı yaralı əsgərlərə baş çəkmiş, onlara maddi, tibbi yardımlar göstərmiş, mənəvi dəstək olmuşdur. Doğma yurdundan didərgin salınaraq qaçqınlıq və məcburi köçkünlük həyatı yaşamağa məhkum edilmiş soydaşlarımızdan öz yardımını, dualarını əsirgəməmişdir.
1990-cı ilin 20 yanvarında xalqımızın tarixinə qanlı səhifə kimi yazılmış müdhiş faciə günlərində Şeyxülislamın barışmaz mövqeyi, fədakar səyləri nəticəsində haqq səsimiz dünya dövlətlərinə çatdırıldı. Həmin günlərin ağrı-acısını yaşayanlar, fotolar, audio-video yazılar xalqın bu faciəli günlərində Şeyxülislam Allahşükür Paşazadənin necə fədakarlıqlara imza atdığının, SSRİ rəhbərliyinə qarşı bu qanlı olayla bağlı barışmaz mövqe nümayiş etdirildiyinin canlı şahidləridir. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi M.Qorbaçova bu faciədən bir gün sonra ünvanladığı bəyanatda səsləndirdiyi fikirlər əslində Şeyxülislamı asanlıqla yeni bir qurbana çevirə biləcək qədər sərt və ittihamedici idi. Lakin bütün bunlara baxmayaraq, xalqının dini rəhbəri həqiqəti söyləməkdə bir an belə tərəddüd etmədi, həbs olunmaq və ya fiziki olaraq aradan götürülmək təhlükəsini yaxşı anlasa belə yolundan dönmədi, baş verən faciələrin qanlı mahiyyətini açıq şəkildə M.Qorbaçovun, onun rəhbərlik etdiyi Mərkəzi Komitənin, sovet hərb maşınının başında duranların birbaşa üzünə söylədi. Şeyxülislamın o faciəli günlərdə xarici radiostansiyalara, qəzetlərə verdiyi açıqlamalar qanlı hadisələrin birbaşa təşkilatçılarının ifşa olunmasında, onların Azərbaycan xalqına qarşı yürütdükləri mənfur siyasətin əsl məqsədinin açılmasında mühüm rol oynadı. 20 Yanvar hadisələrinin qurbanlarının torpağa tapşırılmasının ümummilli matəm səviyyəsində keçirilməsində də Şeyxülislam A.Paşazadənin müstəsna xidmətləri olmuşdur. Xalqın öz şəhid övladlarının əziz xatirəsini gələcəkdə də əbədiləşdirməsi baxımından Bakının ən yüksək ərazisində dəfnin təşkil edilməsinə maneçilik törədən qüvvələr tapılsa da, Şeyxülislam qarşıya çıxan bütün maneələri dəf etmək üçün SSRİ müdafiə naziri D.Yazov və Azərbaycan KP MK-nın ikinci katibi V.Polyaniçko ilə görüşür. Böyük cəsarətlə şəhidlərin cənazələrinin “Azadlıq” meydanından başlayaraq indiki Şəhidlər Xiyabanınadək çiyinlərdə aparılacağını, onların məhz bu yerdə dəfn olunacağını qəti şəkildə bildirir. D.Yazovun bütün hədələrinə, kobudluqlarına baxmayaraq Şeyxülislam fikrindən daşınmır. Bakı küçələri hərbçilərlə, hərbi texnikalarla dolu olduğu bir zamanda qarşısındakı generala ədəbsizliyini xatırladaraq, ona əxlaq dərsi keçir. Bu anda böyük bir risqə yol verdiyini anlasa da, haqqı, ədaləti söyləməkdən çəkinmir, yalnız Allaha sığınaraq həqiqəti sərt bir sillə kimi D.Yazovun üzünə çırpır.
Şeyxülislam Allahşükür Paşazadənin vətən və dininə fədakarcasına xidmət etməsi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Məhz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şeyxülislam həzrətlərini “Heydər Əliyev” ordeni ilə təltif etmişdir. Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin əldə etdiyi nailiyyətlərlə, iştirak etdiyi saysız-hesabsız beynəlxalq konfranslarla, sammitlərlə, bu yerlərdə etdiyi çıxışlarla bağlı yazılası çox mövzular qaldı. Açığı sevindirici haldır ki, ömrü boyu ərzində qazandığı ölkə və dünya miqyaslı nailiyyətlər statistik formada olsa belə bir məqalə formasına sığmır. Şeyxülislamın yaşadığı ömür bir kitaba da sığan deyil. Doğum günündə Böyük Yaradandan Şeyxülislam həzrətlərinə cansağlığı, uzun və şərəfli ömür, səbr və iradə diləyirik.
Samid Quliyev. QMİ əməkdaşı, ilahiyyatçı alim.
0 Yorumlar