İctimai Birlikdən AZƏRTAC-a məlumat verilib ki, görüş Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.


Layihənin rəhbəri, İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı tədbir iştirakçılarını salamlayaraq layihənin məqsədləri, görülən işlər və gələcək planlar barədə ətraflı məlumat verib. O, milli baş geyimlərinin – kəlağayı, papaq və digər ənənəvi örtüklərin Azərbaycan xalqının zəngin mədəniyyətindəki yerinə diqqət çəkərək, bu irsin qorunmasının və təbliğinin vacibliyini vurğulayıb.


Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi Mirəli Məmmədov, şəhid anaları Sevil Hüseynova, Solmaz Əliyeva və Vüsalə Hüseynova və başqaları çıxışlarında baş geyimləri ənənəsinin həm tarixi, həm də mənəvi dəyərini qeyd edərək, bu kimi təşəbbüslərin gənclərdə milli kimlik şüurunun möhkəmlənməsinə böyük töhfə verdiyini bildiriblər.


Tədbir çərçivəsində milli baş geyimləri və örtüklərindən ibarət sərgi nümayiş etdirilib. Eyni zamanda, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən hazırlanmış “kəlağayı ədəbiyyatı”na dair nəşr olunmuş kitablar da ziyarətçilərə təqdim edilib.


Musiqi proqramı tədbirə xüsusi rəng qatıb.


Sonda Güllü Eldar Tomarlı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan layihənin növbəti tədbirinin Kürdəmir rayonunda keçiriləcəyini bildirib.