Son dövrlərdə "Azəriqaz"da gedən struktur dəyişikliyi zamanı sadə əməkçilərin əmək haqları kütləvi pozulduğundan bütün dövlət strukturlarına faxil olan şikayətlərin ardı arası kəsilmir. Düzdür, "Azəriqaz"ın özünün Həmkarlar Komitəsinin bu barədə ağzına su alıb oturması bizə təəccüblü deyil. Belə ki, idarə rəhbərliyi ilə qonşu kabinetdə əyləşən, bir "qabdan yemək yeyən" Həmkarlar İttifaqından bundan savayı nəyi gözləmək sadəlövlük olardı. Biz isə onlara nisbətən Müstəqil Həmkarlar Birliyi olduğumuzdan və bizə daxil olan şikayətləri cavabsız qoyub, özümüzü onlar kimi aciz göstərə bilmərik. Bu səbəbdən bu məsələni tam araşdırmaq fikrinə düşdüm. Əvvəla ondan başlayaq ki, "Azəriqaz"a tabe olan Bakı Regional Qazın İstismar Departamenti ilə Satış Departamenti birləşdirilib yeni idarə yaranırsa, orada işləyən işçilərin Əmək Müqaviləsi ləğv ola bilməz. Birincisi ona görə ki, hər iki departamentin işçilərinin əmək müqaviləsində "Azəriqaz" İB-nin rəhbərinin imzası var, yəni hüquqi şəxs odur. Və işçi qanunsuz işdən azad olunarsa, departamentin yox, məhz "Azəriqaz"ın tabeliyində olan hüquqşünas iştirak etməlidir. Odur ki, bu gün Bakı Regional Qazın İstismar və Satış Departamentində gedən proseslər Əmək Məcəlləsinin 63-cü maddəsi ilə yox, 56-cı maddə ilə tənzimlənməlidir. Belə ki, 63-cü maddədə göstərilir:

Maddə 63. Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi

Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər.

İndiki halda isə mülkiyyətçi dəyişməyib. "Azəriqaz" olduğu kimi yerindədir.

"Azəriqaz"ın bəzi savadsız nümayəndələri üçün isə 56-cı maddəni də qeyd edirəm:

Maddə 56. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi

İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.

İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "c" bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.

Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər.

Bunları qoyduq bir kənara. İndi gəlin "Azəriqaz" rəhbərliyinin yazılan şikayətlərə verdiyi cavaba baxaq.

Əvvəla, "Azəriqaz" rəhbərliyi istər öz işçilərinə, istərsə də yuxarı instansiyalardan onlara ünvanlanan müraciətlərə bir cavab verir. Əmək Məcəlləsinin 215-ci maddəsinə əsaslanaraq apardığımız bilik imtahanında zəif qiymət aldığı üçün işçiyə başqa işə (aşağı dərəcəli) keçmək təklifi almışdır və ya keçirilmişdir. İndi gəlin bu maddəni araşdıraq. Maddəni olduğu kimi dərc edib, "Azəriqaz"ın muzdlu (yox, müstəqil) hüquqşünaslardan bunun təhlilini istəyirəm:

Maddə 215. Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri

Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:

əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini;

binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini;

bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını;

işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini;

əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini;

normal əmək və istirahət rejiminə riayət edilməsini;

işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşiddə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini;

işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini;

kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini.

Gördüyünüz kimi, bunun işçinin attestasiyasına heç bir aidiyyatı yoxdur. Belə ki, işçilərin biliklərinin yoxlanılması (yəni attestasiyası) Əmək Məcəlləsinin 65 və 66-cı maddələri ilə tənzimlənir və bu attestasiya zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli № 97 saylı qərarının yerinə yetirilməsi mütləqdir.

Amma məni bu prosesdə təəccübləndirən, "Azəriqaz"a tabe olan Bakı Regional Qaz İstismar Departamentinin etdikləri və "Azəriqaz"ın dövlət strukturlarına faktiki olaraq yalan informasiya verməsi deyil (onsuz da Azərbaycanda istər sosial müdafiə, istər səhiyyə, ya mərkəzi statistika idarələri bir çox hesabatları havadan götürür), mənə bu yalançı informasiyaları yoxlamadan qəbul edənlərdir. Yəni, vaxtı ilə bütün keçmiş Sovetlər Birliyini öz idarəçiliyi ilə heyran edən Azərbaycanda hüquqi savadsızlıq, dövlət qanunlarına biganəlik bu dərəcəyəmi gəlib çıxıb?

Hələn yazıda isə BRQİİ–nin təşkil etdiyi “ Azəri qaz” ın isə öz cavablarında istinad etdiyi 

“Bilik imtahan”ının  hansı  şəraitdə və formatda kecirdiyini şahidlərin öz dilindən oxuyacaqsıznız.  

Əhməd Rəhmanov

Müstəqil Həmkarlar Birliyinin 

sədr müavini