.          


          Bu gün – 15 Avqust, Azərbaycan xalqı üçün təkcə iqtisadi tariximizin bir səhifəsi deyil, milli suverenliyimizin mühüm rəmzlərindən birinin – Azərbaycan manatının doğum günüdür.

          Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, 15 avqust 1992-ci ildə milli valyutamız – Azərbaycan manatı rəsmi dövriyyəyə buraxıldı. Bu gün həmin tarixi hadisədən 33 il ötür. Manat, yalnız iqtisadi mübadilə vasitəsi deyil, həm də dövlətçiliyimizin, milli kimliyimizin və iqtisadi azadlığımızın rəmzidir.

           Pul – maddi aləmin dövran çarxında bir vasitədir, lakin milli pul vahidi isə ruhu və tarixi olan bir varlıqdır. O, öz üzərində xalqın yaddaşını, dövlətin möhürünü, vətənin qürurunu daşıyır. Manat – təkcə bazarda alqı-satqının ölçüsü deyil, həm də istiqlalın qorunması yolunda əziz bir əmanətdir.

           Klassik ədəbiyyatımızın hikmət dolu misraları bizə öyrədir ki,

           "Məmləkətin gücü – sərhədlərində olduğu qədər, sikkəsinin şərəfindədir."

           Ona görə də manatın qorunması, onun dəyərinin ucaldılması hər bir vətəndaşın milli borcudur. İqtisadi müstəqillik – siyasi və mənəvi müstəqilliyin möhkəm dayağıdır.

           Bu əlamətdar gündə, biz Azərbaycan manatının yaradıcısı olan istiqlal ruhuna, onu qoruyan dövlət qurumlarına və onun dəyərini yaşadan xalqımıza dərin ehtiramımızı bildiririk.

           Allah Azərbaycan manatını və Azərbaycan dövlətini əbədi etsin! 

           Qoy hər zaman üzərindəki üçrəngli bayrağımız kimi, milli valyutamız da dünya arenasında ucalardan uca olsun!

         Mübariz Eldar oğlu "Veteran.az" qəzetinin Şirvan–Salyan regional yazarı