Bu gün, Birinci Qarabağ Müharibəsi şəhidi, Tərtər rayon Səhləbad kənd sakini, 17 yanvar 1958-ci il təvəllüdlü, "Azərbaycan bayrağı" ordenli Mehrac Məhəmməd oğlu Mahmudovun şəhadətinin isə 31-ci, anadan olmasının isə 67-ci ildönümüdür.
Mehrac Mahmudov orta təhsilini Səhləbad kənd orta məktəbində almış, 1977 - 1979-cu illərdə Sovet Ordusu sıralarında Xabarovsk şəhərində hərbi xidmət keçmişdir.
Texnologiya institutunu bitirib. 1980-ci ildə sərbəst güləş üzrə «Usta» normasını yerinə yetirib. Əvvəllər Narçılıq sovxozunda fəhlə, sonra isə Tərtər İctimai - İaşə Birliyində işləmişdir.
Qarabağ hadisələri başlayanda Mehrac erməni işğalçılarına qarşı vuruşmaq üçün könüllü olaraq qardaşı Arifin xidmət etdiyi “Tərtər özünümüdafiə batalyon”una gəlmişdir. 1992-ci il fevral ayının 26-da Xocalı hadisəsi zamanı batalyon Seysulan və Yarımca kəndlərinə ilk hücum etdiyi vaxt, batalyona rəsmi qəbul edilmədiyi halda, hərbçilərlə birlikdə bu döyüşdə xüsusi fəallıq göstərmişdir. Sonradan 2 aprel 1993-cü il tarixdə O, çavuş rütbəsi ilə vzvod komandiri kimi batalyonun şəxsi heyətinə daxil edilmiş, #Ağdərə bölgəsinin Levonarx, Akop-Kamari, Daş karxanası və Qırmızıkəndin separatçılardan təmizlənməsi uğrunda gedən döyüşlərdə düşmənin bir neçə texnikasını və canlı qüvvəsini şəxsən məhv etmişdir. 1993-cü il sentyabr ayında 190 saylı hərbi hissəyə dəyişdirilmiş və #Ağdam bölgəsində gedən döyüşlərdə də şücaətlər göstərmişdir.
O, 23 aprel 1994 - cü il tarixdə Ağdamın kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə çatmışdır.
Səhləbad kənd qəbiristanlığında dəfn olunub.
Evli idi. Xəyalə və Aygün adlı iki qızı, Ziya adlı bir oğlu var.
Ailəsi Tərtər rayonunun Səhləbad kəndində yaşayır.
O, Vətən qarşısındakı xidmətlərinə, torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsi uğrunda aparılan döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətinə görə (ölümündən sonra ) “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Tərtər şəhərinin mərkəzi küçələrindən biri onun adı ilə əbədiləşdirilmişdir.
Mehrac Mahmudovun xatirəsini sayğı və ehtiramla anaraq, şəhidimizə Tanrıdan rəhmət, yaxınlarına və ailə üzvlərinə səbr diləyirəm. Ruhu şad, məzarı nurlu, məqamı uca olsun.
Hiç yorum yok:
Yorum Gönder