1 Oktyabr - Beynəlxalq Ahıllar Günüdür



Bakı, 1 oktyabr, Bakmiltv.info

BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakmiltv.info-ya bildirilib ki, "Sosial xidmət haqqında" Qanununa əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilir və hazırda ölkəmizdə yaşı 70-dən yuxarı vətəndaşların sayı 400 minə yaxındır.

Ahıllara qayğı və ehtiram Azərbaycanda aparılan sosial siyasətin mühüm istiqamətlərindən biridir

Ümummilli lider Heydər Əliyev tərəfindən yaşlı insanlara, ahıllara daim diqqət və qayğı göstərilib və həmin insanların qayğı ilə əhatə olunması istiqamətində mühüm tədbirlərə başlanması təmin edilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daha da gücləndirilir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, təsdiqlədiyi Dövlət Proqramları ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımların atılmasına imkan verib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi də dövlətin yaşlıların rifahının təmin edilməsi istiqamətində gördüyü işlərə mühüm dəstəkdir. Layihə çərçivəsində yaşlı, ahıl şəxslərin fəal və sağlam həyat tərzi keçirmələrinə dəstək üçün müxtəlif tədbirlər, proqramlar həyata keçirilir. Layihənin əsas uğurlarından biri kimi, BMT Avropa üzrə İqtisadi Komissiyasının Siyasi İcmal buraxılışında Azərbaycan fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olan ölkələr sırasında təqdim edilib.

Əmək pensiyaçılarının mühüm bir hissəsi ahıllardır. Ötən dövrdə ölkəmizdə pensiyaların dəfələrlə artırılması təmin olunub. Pensiya təminatı sistemində son illərdə humanist yanaşmalar da tətbiq edilməklə, yaşlı nəslin bu təminat növünə əlçatanlığı xeyli artırılıb.

Ahıl vətəndaşların bir qismi də İkinci Dünya müharibəsi iştirakçılarıdır. Həmin vətəndaşlar Prezidentin aylıq təqaüdləri ilə təmin edilir ki, bu təqaüdlərin məbləği ötən dövrdə dəfələrlə artırılıb. Onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb. Hər il 9 May - Qələbə günü ərəfəsində dövlət başçısının sərəncamları əsasında İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar ödənilir və son illərdə bu maddi yardımın məbləği 3 dəfə artırılaraq 500 manatdan 1500 manata çatdırılıb, döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə və s. görə medal və döş nişanı ilə təltif edilmiş şəxslərə 4 dəfəyə yaxın artırılaraq 200 manatdan 750 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 100-dən çox II Dünya müharibəsi əlili mənzillə, 1150-yə yaxın II Dünya müharibəsi əlili avtomobillə təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində son illərdə müasir tələblərə uyğun şərait yaradılıb. 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilməklə çarpayı sayı 300-ə çatdırılıb. Müəssisədə hər bir otaq lazımi məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və s. təmin olunub. Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün şərait yaradılıb. Müəssisədə kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. ahılların istifadəsindədir. Hazırda Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 200-dək ahıl şəxs yaşayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daimi olaraq əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə sosial xidmətçilər tərəfindən evdə (səyyar) sosial xidmətlər göstərilir. Sosial xidmətçilər tənha ahıl və əlilliyi olan şəxslərin evlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.

Agentlik tərəfindən bu il tənha və əlilliyi olan 6185 şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib. Onlardan 5456 nəfəri ahıl şəxslər, yəni yaşı 70 və yuxarı olanlardır.

Hiç yorum yok:

Yorum Gönder

Pages