“Ögey ana” filmi ilə tanınan və “Fəryad”la bitən aktyor taleyi



Bakı, 5 mart, AZƏRTAC

Bu gün tanınmış kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin anım günüdür.

AZƏRTAC xəbər verir ki, vəfatından 31 il ötməsinə baxmayaraq onun yaratdığı bənzərsiz rollar bu gün də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.

Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə “Ögey ana”ya dəvət almışdı.

“Ögey ana” filmindən sonra sənətdə Ceyhuna “yaşıl işıq” yanır, “Əsl dost”, “Matteo falkone”, “Qara qağayı”, “Yenilməz batalyon”, “Qanun naminə”, “Dəli Kür”, “Bakıda küləklər əsir”, “Yol əhvalatı”, “Qanlı zəmi” və “Lətifə” də daxil olmaqla ümumilikdə 25-ə qədər filmdə müxtəlif obrazlar yaradır.

Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Müxtəlif vaxtlarda assistent, rejissor köməkçisi, rejissor və aktyor kimi fəaliyyət göstərib. “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib. “Mozalan”ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də parodiyaçılıq qabiliyyətinə malik olub. O, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını dərhal yamsılamağı bacarırmış. Hətta “Mozalan”ın başlığında səslənən vızıltı səsi də onun idi.

Onun son filmi “Fəryad” olub, lakin bu filmin premyerasında iştirak etmək ona qismət olmayıb. Ceyhun Mirzəyev “Fəryad” filmini təkcə film kimi çəkmədi, faciənin dəhşətini hiss edə-edə xalqın, vətənin dərdini çəkdi. Özünə əziyyət verirdi, çox sarsılırdı. Çəkilişlər Goranboyda aparılırdı. Qayıdandan sonra aldığı qonorarı qəpiyinəcən Xocalı qaçqınlarına paylamışdı. Ceyhun başqa cür hərəkət edə bilməzdi. Yoldaşları danışırdılar ki, çəkilişlərdə ürək dərmanlarının hesabına özünü saxlayırdı. Özü də epizodlarda texnikanın da təbii olmasına çalışırdı, insanların da. Ermənilərin onun qəhrəmanını döyməsi kadrları çəkiləndə təkid edirmiş ki, əməlli-başlı döysünlər, görüntü yaratmasınlar.

Tanınmış aktyor 1993-cü il martın 5-də vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

Hiç yorum yok:

Yorum Gönder

Pages